“Azərbaycanla Ermənistan arasında avtomobil əlaqəsini bərpa etmək mümkündür”.
KONKRET.az xəbər verir ki, bunu Tiflisdə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında Ermənistanın baş naziri deyib.
Paşinyan bildirib ki, iki ölkənin liderlərinin noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərinin nəticələrinə əsasən tərəflər avtomobil rabitəsini bərpa edə bilər. O əlavə edib ki, bu, regionda yeni infrastruktur layihələrinin yaranmasına səbəb olacaq.
Söhbət Ermənistan-Gürcüstan sərhədini Ermənistan-İran sərhədi ilə birləşdirən Şimal-Cənub yolundan gedir.
“Əgər biz Ermənistanla Azərbaycan arasında yol əlaqəsi ilə bağlı razılığa gələ bilsək, bu layihə Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevrilərək xeyli dəyişəcək”.
Paşinyan xatırladıb ki, o, artıq İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılıq əldə edib. Ermənistanın baş naziri qeyd edib ki, regionda dəmir yollarının inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərə bilməz, ancaq ölkələri ticarət əlaqələrinin daha fəal inkişafına təkan verəcək.
Xuraman Etibarlı,
KONKRET.az
