
Vətəndaş iddia edir ki, onun çəkdirdiyi xəttdən indi digər qonşular da istifadə edərək öz fərdi yaşayış sahələrinə qaz çəkirlər: “Adama təsir edən odur ki, mən qazı çəkəndə şərik duracaq heç kim yox idi. Bütün xərclər mənim hesabıma oldu. İndi evlər artır. Hər gələn şəxs də evinin düz yanından keçən ana xətlə rahatca qazını çəkir. Hazırın naziri olur. Üstəlik, “Azəriqaz” qaz mənim hesabıma uzadılan qaz borusunu dövlətin balansına keçirir”.
Səsləndirilən iddialarla bağlı KONKRET.az-a açıqlama verən “Azəriqaz”ın mətbuat katibi Eldəniz Vəliyev bildirib əvvəllər fərdi qazlaşmanı “Azəriqaz” həyata keçirirdi. Amma pandemiyadan sonra qazlaşma ilə bağlı dövlət büdcəsindən vəsait ayrılmadı: “Çünki pandemiya ilə mübarizə və 44 günlük Vətən Müharibəsi bizə külli miqdarda vəsait hesabına başa gəldi. Ona görə də, qərar verildi ki, “Azəriqaz” qazlaşmanı daxili resursları hesabına həyata keçirsin. Artıq bundan sonra biz küçə xəttlərini çəkməyə başladıq. Vətəndaşlar isə Energetika Nazirliyinin sertifikat və lisenziya verdiyi podratçı şirkətlərlə anlaşaraq öz evlərinə fərdi şəkildə qaz çəkməlidirlər. Yəni fərdi qazlaşmanı artıq biz həyata keçirmirik. Onlar düşünüblər ki, müstəqil sahibkarlıq subyektləri (podratçı şirkətlər) “Azəriqaz”ın monopoliyası olmadan fərdi qazlaşmanı həyata keçirə bilər. Yəni vətəndaş yaxınlaşaraq pulunu ödəyib mənzilinə qaz xətti çəkməlidir. Biz Ramil Nəcəfliyə bunu izah etmişik”.

Eldəniz Vəliyev bildirib ki, bu il 150-yə yaxın yaşayış massivinin qazlaşması nəzərdə tutulub: “Bunu baş ofis təsdiq edəndən sonra biz mərhələli şəkildə həmin yerləri qazlaşdırmağa başlayırıq. Ramil Nəcəfli yaşayan ərazi hələ plana düşməyib. Biz ona bildirdik ki, ya mərhələli şəkildə o ərazinin qazlaşdırılması prosesini gözləmək lazımdır, ya da öz vəsaiti hesabına podratçı ilə razılaşaraq xətt çəkdirməlidir. Onun, “guya həmin qaz xəttini biz öz adımıza çıxarmışıq” iddiası da doğru deyil. Əgər sübutu varsa, o zaman bizim vətəndaşın xərcini özümüzünkü kimi qiymətləndirdiyimizə dair bir sənəd göstərsin. Burada məsələ fərqlidir. Həmin qaz xəttini kimin çəkməyindən asılı olmayaraq, istismara biz qəbul edirik. Çünki texniki xidməti biz həyata keçiririk. Gələcəkdə həmin qaz xəttinin qırılması, korroziyaya uğraması və ya boyanması ilə bağlı təmir işlərinə ehtiyac yarananda bu işi “Azəriqaz” görür. O ki qaldı qonşuların bu xəttə qoşulması məsələsinə, buna müdaxilə edə bilmərik. Qaz xəttini podratçı şirkətlər çəkir. İndiyədək Ramil Nəcəfli yaşadığı ərazidə sakinlər olmayıb. Amma hazırda hər qonşu gəlib özünə əlavə bir qaz xətti çəkə bilməz. Bu zaman qarışıqlıq və neqativ mənzərə ortaya çıxa bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az