“Azərpoçt”un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏbackend

"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ

Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Arzu Behbudzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə, Gəncədə poçt filialının sabiq şöbə müdiri olmuş Arzu Behbudzadə barəsində özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığı edib.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin poçt-maliyyə xidmətləri sahəsində vəzifə səlahiyyətlərindən istifadə etməklə dövlət müəssisəsinə məxsus pul vəsaitini mənimsədiyi, bunun gizlədilməsi üçün isə informasiya sisteminə bilərəkdən yalan məlumatlar daxil etdiyi müəyyən edilib.

Belə ki, o, 2011-ci ildən 2023-cü ilədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin müdiri vəzifəsində işləyib. Tutduğu vəzifəyə uyğun olaraq şöbənin fəaliyyətinin təşkili, maliyyə əməliyyatlarına nəzarət, kassanın idarə olunması, poçt və maliyyə xidmətlərinin göstərilməsi, pul vəsaitlərinin və digər maddi sərvətlərin qorunmasına cavabdeh olub.

İstintaq materiallarında göstərilib ki, “Azərpoçt” MMC ilə Ədliyyə Nazirliyinin Gəncə şəhər Nizami Rayon Məhkəməsi və Penitensiar Xidmətin istintaq təcridxanası arasında bağlanmış müqavilələr yalnız poçt xidmətlərinin göstərilməsini nəzərdə tutub. Həmin müqavilələrdə mobil danışıq kartlarının satışı və ya bu məhsullar üzrə hesablaşmalar yer almayıb.

Bununla yanaşı, “Azərpoçt” MMC ilə digər şirkət arasında bağlanmış müqavilələrə əsasən mobil danışıq kartlarının satışının təşkili Gəncə Regional Poçt Filialı vasitəsilə həyata keçirilib.

Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayından 2022-ci ilin mart ayınadək həmin danışıq kartlarını müxtəlif şəxslərə sataraq əldə etdiyi vəsaiti kassaya mədaxil etməyib.

Araşdırma zamanı müəyyən edilib ki, Arzu Behbudzadə müxtəlif aylarda əldə etdiyi ümumilikdə 14 186 manat pul vəsaitini müəssisənin kassasına daxil etməyərək öz şəxsi ehtiyaclarına sərf edib.

Bu əməli gizlətmək məqsədilə o, Gəncə Regional Poçt Filialının əməliyyatlarının aparıldığı “Colvir” proqram təminatına daxil olaraq həm özünün, həm də hadisədən xəbərsiz poçt operatorlarının istifadəçi hesablarından yararlanıb.

İstintaqın qənaətinə əsasən, təqsirləndirilən şəxs sistemə bilərəkdən yalan məlumatlar daxil edərək satılmış danışıq kartlarından əldə olunan vəsaiti guya Penitensiar Xidmətin istintaq təcridxanası və Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən həyata keçirilmiş qeyri-nağd (avans) ödənişlər kimi rəsmiləşdirib. Bununla da həm mənimsəmə faktını gizlədib, həm də informasiya resursunda saxta məlumatların formalaşmasına səbəb olub.

İstintaq orqanı onun əməllərini Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), eləcə də 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə tövsif edib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı tətbiq olunub. Bununla əlaqədar olaraq o, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilib, həmin maddələr üzrə cinayət təqibinə xitam verilib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

Bundan başqa, zərərçəkmiş hüquqi şəxs olan “Azərpoçt” MMC mülki iddiadan imtina etdiyindən məhkəmə həmin imtinanı qəbul edib və mülki iddia üzrə icraata da xitam verib.

Hökmə əsasən, mülki iddia qaldırılarkən ödənilmiş 116 manat dövlət rüsumunun “Azərpoçt” MMC-yə geri qaytarılması da təmin olunub. Məhkəmə, həmçinin, iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələyə də hüquqi qiymət verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*