Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın Bakıya səfəri regionda sülh danışıqlarının növbəti mərhələsinə keçidin göstəricisi kimi dəyərləndirilir. Tərəflər uzun müddətdir “sülh sazişi yaxınlaşır” mesajı versələr də, sənədin imzalanmasının nə üçün gecikdiyi sualı aktuallığını qoruyur.
Məsələnin səbəbləri və danışıqlardakı son vəziyyətlə bağlı siyasi şərhçi İlyas Hüseynov KONKRET.az -a açıqlama verib.

İlyas Hüseynov
Onun sözlərinə görə, hazırda ən kritik məsələ Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi və sərhəd təhlükəsizliyinin formalaşdırılmasıdır.
İlyas Hüseynov xatırladıb ki, baş nazir müavinlərinin artıq 12-ci görüşü Qəbələdə keçirilib. Bu isə sülh istiqamətində intensiv prosesin getdiyini göstərir:
“Azərbaycan və Ermənistan arasında müxtəlif danışıqlar formatları mövcuddur. Ən önəmlisi isə sərhəd məsələlərini müzakirə edən baş nazir müavinlərindən ibarət nümayəndə heyətlərinin görüşləridir. Hesab edirəm ki, növbəti görüş Ermənistanın şəhərlərindən birində keçirilə bilər. Bu, qarşılıqlı səfər formatında baş tutacaq”.
Siyasi şərhçinin sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvan və Bakıda keçirilən görüşləri, eləcə də 8 avqustda Ağ Evdə paraflanan sülh müqaviləsi bölgədəki ümumi müsbət dinamikanı nümayiş etdirir. Hazırda danışıqlar vasitəçisiz, birbaşa aparılır və bu, prosesin əhəmiyyətli mərhələyə qədəm qoyduğunu göstərir:
İlyas Hüseynov əlavə edib ki, görüşlər zamanı Gürcüstanla cənuba, İranla isə şimala doğru hələ razılaşdırılmamış sərhəd zolaqlarının müəyyənləşdirilməsi də müzakirə mövzusudur. Bütün prosesin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılması əsas niyyəti ifadə edir:
“Ümumilikdə görüş müsbət qiymətləndirilməlidir. Prosesin növbəti mərhələlərində daha dəqiq nəticələr gözlənilə bilər”, – deyə o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
