“Bizim tam sürətlə can atdığımız Qərb İrəvanla Tehranın əməkdaşlığını həqiqətən də bəyənmir. Xüsusən də söhbət xarici siyasətdən və güc qütbünün seçimindən gedirsə, bu zaman Ermənistan kimi çətin geosiyasi mühitdə olan dövlətə pisdən daha pisə meyllənmək heç vaxt yaxşı sonluqla bitmir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:
“Ter-Petrosyanın, daha çox isə Koçaryan və Sarkisyanın hakimiyyəti dövründə ölkəmiz birmənalı olaraq Rusiyanın xeyrinə seçim etdi. Bu, bir çox amillərlə, xüsusən Ermənistanın ikinci və üçüncü prezidentlərinin anti-xalq rejimlərinə dəstək verməsi ilə bağlı idi. 2016-cı ilin aprelində Rusiyanın Azərbaycanla Ermənistan arasındakı döyüşlərə heç bir reaksiya verməməsi ilə hər şey dəyişdi. Və o zaman ən ağıllı həmvətənlərimiz rusların bizə xəyanət etdiyi barədə düzgün nəticə çıxardılar. Sonra 2018-ci ilin yazında inqilab oldu və Rusiyaya heç bir borcu olmayan Paşinyan hakimiyyətə gəldi. Nəhayət, 2020-ci ildə Moskva bizi Azərbaycan-Türkiyə tandemi ilə parçalanmağa cəhd göstərdi. Təxminən 2021-ci ilin sonlarından İrəvan həm Rusiyadan, həm də onun rəhbərlik etdiyi təşkilatlardan – KTMT və Aİİ-dən uzaqlaşaraq, öz xarici siyasət istiqamətlərində getdikcə daha çox Qərbə yönəlib. Paşinyan və Mirzoyanın Brüsselə, Parisə, Vaşinqtona çoxsaylı səfərləri, eləcə də Ermənistana Aİ-nin uzunmüddətli missiyasının gəlməsi ilə bağlı təklifin göndərilməsi bunu sübuta yetirir. Və birdən, bizim hakimiyyət orqanlarının İranla açıq-aşkar flört etməsi Qərbin narazılığına səbəb olub”, – erməni analitik vurğulayıb.
“Şübhəsiz ki, 1990-cı illərdə blokada vəziyyətinə düşmüş Ermənistana yardım göstərilməsində İran mühüm rol oynayıb. Biz isə xalq olaraq buna görə cənub qonşumuza hədsiz minnətdarıq. Sonrakı illərdə Ermənistan-İran əməkdaşlığı həm iqtisadiyyatda, həm də siyasətdə yüksəliş dövrünü yaşayıb. Əgər o vaxt bizim strateji müttəfiqimiz (Qərb – red) Ermənistan-İran münasibətlərinin inkişafına müsbət yanaşırdısa, indi vəziyyət kökündən dəyişib. Bizim tam sürətlə can atdığımız Qərb İrəvanla Tehranın əməkdaşlığını həqiqətən də bəyənmir. Qərb tərəfdaşlarımız, ilk növbədə, Brüssel və Vaşinqtonda bu barədə Ermənistan hakimiyyət orqanları ilə açıq danışırlar. Və bu başa düşüləndir. Axı Qərb demək olar ki, hər gün İrana nüvə proqramına, demokratik etirazların yatırılmasına və Rusiyanın Ukraynaya təcavüzünə dəstək verdiyinə görə təzyiqləri artırır. İrəvanla Tehran arasında hər hansı əməkdaşlıq Aİ və ABŞ-da dərin narazılığa səbəb olur. Biz isə Qərbə diqqət yetirməməyə çalışaraq İranı daha çox tərifləməyə can atırıq. Belə ki, Paşinyan İslam İnqilabının 44-cü ildönümü münasibətilə Xamenei və Rəisiyə təbrik mesajları göndərərək, Ermənistan-İran münasibətlərini “sarsılmaz” adlandırıb. Aydındır ki, bəzi məsələlərdə Ermənistan və İranın mövqeləri üst-üstə düşə bilər. Amma başa düşmək lazımdır ki, İran burada öz məqsədlərini güdür və Ermənistanın maraqlarını düşünmür. Bakı ilə Tehran öz aralarında razılığa gələn kimi iranlılar vicdan əzabı çəkmədən bizdən üz döndərəcəklər”, – Arşakyan bildirib.
Daha sonra erməni analitik fikirlərini belə davam etdirib: “Başa düşməliyik ki, əgər bizi Qərb yönləndirirsə, o zaman diqqəti yalnız Qərbin siyasətinə yönəltməliyik. Əks halda hər yerdən əlimiz üzülə bilər. Rusiyanın boğucu qucağından xilas olmuşuqsa, ölkəmizi demokratik modellə qurmaq istəyiriksə, özümüzü gələcəkdə Qərb ictimaiyyətinin sıralarında görürüksə, o zaman cənub qonşumuza qarşı çox diqqətli olmalıyıq”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az