Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Xaliq Bayramovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Xaliq Bayramov zərərçəkmiş İ.Abuşlunun etibarından istifadə edərək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, dəyəri 112 min manat olan mənzilin zərərçəkmişin adına rəsmiləşdirilməsi ilə bağlı sənədləri əldə edə biləcəyini vəd edib.
Söhbət Bakıda zavoddan G.Əskərova verilmiş mənzildən gedib. İş materiallarında göstərilir ki, mənzil 2004-cü ildə İ.Abuşluya satılıb və sonuncunun mülkiyyətində olub.
Təqsirləndirilən şəxs əslində verdiyi vədi yerinə yetirmək niyyətində olmadığı halda, İ.Abuşlunu inandıraraq mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın onun adına alınacağını bildirib.
Bu məqsədlə pul vəsaitlərinin verilməsi də təmin edilib.
Belə ki, 2022-ci ilin iyul ayının əvvəllərində Ağdaş rayonunun Qaradeyin kəndində 1 000 manat, həmin ilin avqust ayının əvvəllərində isə eyni ünvanda 1 500 manat pul verilib.
Daha sonra 2023-cü ildə İ.Abuşlunun Ağdaş rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsdən aldığı 20 000 manat vəsaitin də Xaliq Bayramovla əlaqəli şəxslərə verilməsi təşkil olunub.
İttihamda göstərilir ki, həmin puldan 15 manat xidmət haqqı kimi götürülüb, 1 000 manat İ.Abuşlunun qardaşına verilib və Ağdaş rayonunda tikdirdiyi evdə çalışan ustaların haqqının ödənilməsinə sərf edilib. Qalan 18 985 manat isə Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən “Ləki store” mağazasındakı “eManat” terminalı vasitəsilə hissə-hissə olmaqla müxtəlif bank kartlarına köçürülüb.
Nəticədə təqsirləndirilən şəxsin vahid niyyətlə ümumilikdə 22 500 manat pul vəsaitini ələ keçirdiyi bildirilir.
Xaliq Bayramov yalnız pul vəsaitlərini almaqla kifayətlənməyib.
O, İ.Abuşluya məxsus 112 000 manat dəyərində mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı əldə edərək həmin mənzili öz adına rəsmiləşdirib və bununla da mənzili qanunsuz olaraq ələ keçirib.
Mənzilin öz adına rəsmiləşdirilməsi zamanı isə həmin ünvanda G.Əskərova daha bir mənzilin verildiyini öyrənib. Bundan sonra həmin mənzili də qanunsuz yolla əldə etmək niyyətinə düşüb.
İş materiallarına əsasən, həmin ünvanda yerləşən, dəyəri 66 000 manat olan digər mənzil 2003-cü ildə zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) satılıb və onun mülkiyyətində olub.
Təqsirləndirilən şəxs isə Nərimanov Rayon İcra Hakimiyyətinin 1993-cü il tarixli sərəncamı və 1994-cü il tarixli orderini əsas gətirməklə, 2022-ci il tarixdə həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı da öz adına rəsmiləşdirib.
Beləliklə, ittihama görə, o, 66 000 manat dəyərində olan həmin mənzili də qanunsuz olaraq ələ keçirib.
Bundan sonra törətdiyi dələduzluq əməlini pərdələmək məqsədilə mənzili satmaq qərarına gəlib.
İttihamda göstərilir ki, o, 2022-ci ildə həmin mənzil alqı-satqı və ipoteka müqaviləsi əsasında 112 000 manat müqabilində başqa şəxsə satıb.
Nəticədə İ.Abuşluya 134 500 manat, digər S.S.-ə isə 66 000 manat məbləğində maddi ziyan vurulduğu bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaliq Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə onun barəsində 5 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
