Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandıbackend

Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandı

Bakıda yeni tədris ili yaxınlaşdıqca tələbələrin kirayə mənzilə tələbatı artır. Bu isə öz növbəsində qiymətlərə də təsir göstərir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, mərkəzə yaxın ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. “28 May”, “Nizami”, “Sahil” və “İçərişəhər” ətrafında 1 otaqlı mənzillər 700-900, 2 otaqlılar isə 900-1200 manat civarında təklif olunur.

Qiymətlərdə enmə gözlənilirmi? Tələbələr hansı ərazilərdə münasib evlər tapa bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, Azərbaycanda 2021-ci ildən başlayaraq daşınmaz əmlak sektorunda həm satış, həm də icarə qiymətlərində sürətli artım dinamikası müşahidə olunur:

“Kirayə sektoruna təsir edən iki əsas amil var. Birincisi, ümumi daşınmaz əmlak qiymətlərinin artmasıdır, bu, xüsusilə də kirayə bazarına birbaşa təsir edir. Adətən satış qiymətləri artdıqca, icarə qiymətləri də yüksəlir. Orta hesabla Bakıda ilkin bazarda daşınmaz əmlakın qiymətinin təxminən 80 faizə yaxın artması müşahidə olunub. Kirayə qiymətləri isə 2021-ci ildən bu günə qədər seqmentdən asılı olaraq, təxminən 50 faizə yaxın bahalaşıb. Yəni satış qiymətləri kəskin bahalaşsa da, icarə qiymətlərinin 50 faizə yaxın artması nisbətən daha aşağı göstəricidir. Bununla yanaşı, görürük ki, kirayə bazarında təkliflərin sayı kifayət qədər çoxdur. Bu, həm paytaxtın özündə, həm də xüsusilə şəhər ətrafında müşahidə olunur. Kirayə sektorunda qiymətlərin artmasına səbəb olan digər amillər də var. Bunlardan biri kütləvi söküntülərdir. Son 10 il ərzində Bakıda köhnəlmiş yaşayış fondunun sökülməsi prosesi davam edir. Köhnə yaşayış fondunun daxilində kifayət qədər çox ucuz kateqoriyaya aid evlər var. Bu evlərin sıradan çıxması, yəni bazardan çıxması nəticəsində ucuz kateqoriyaya aid mənzillərin həcmi azalır. Onların bəzilərinin yerində yeni tikili binalarda istifadəyə verilən mənzillər isə daha yüksək qiymətə kirayə təklif olunur”.

Ekspert bildirib ki, şəhərin fiziki artımı və yüksək urbanizasiya da qiymətlərə təsir edir:

“Bakıda urbanizasiya səviyyəsi kifayət qədər yüksəkdir və ölkə üzrə birinci yerdədir. Regionlardan, eləcə də paytaxt ətrafı ərazilərdən şəhərin mərkəzi hissəsinə və onun ətrafına axın davam edir. Bu artım fonu da qiymətlərin yüksəlməsinə və bazardakı dinamikanın qorunub saxlanmasına təsir göstərir. Bu baxımdan kirayə fondunda qiymətlər davamlı olaraq artır. Daha kəskin vəziyyət avqustun sonundan sentyabrın sonuna qədər davam edir. Bu da tələbələrin böyük şəhərlərə, xüsusilə Bakıya axını ilə bağlıdır. Digər regionlarda yaşayan tələbələr tədris ilinin başlaması ilə əlaqədar Bakı, müəyyən qədər də Sumqayıt və Gəncə kimi şəhərlərə gəlirlər. Bu kütləvi gəliş bazardakı təkliflərin azalmasına səbəb olur. Təklifin azalması nəticəsində isə qiymətlər hər il təxminən 5-30 faiz aralığında yüksəlir. Həm qiymət artımı, həm də bazarda təkliflərin ciddi şəkildə azalması nəticə etibarilə problemləri daha da artırır. Xüsusilə həmin bir ay ərzində kirayə mənzil axtaran istehlakçılar ciddi çətinliklərlə üzləşirlər”.

Elnur Azadov qeyd edib ki, qiymətlərin yaxın dövrdə aşağı düşməsi kimi bir gözlənti yoxdur:

“Çünki bu, şəhərsalma və tikinti işlərinin aktivliyi ilə bağlı məsələdir. Tikinti sektorunda rəqabətin son 5-6 ildə ciddi şəkildə azalması da qiymətlərin davamlı artmasına təsir göstərir. Nə vaxt tikinti şirkətləri bazara daha böyük həcmdə çıxa bilsələr və bazara çoxlu sayda daşınmaz əmlak daxil olsa, satışın zəiflədiyi vəziyyət yarana bilər. Yalnız bundan sonra qiymətlərin aşağı düşməsini müşahidə etmək mümkün olar. Hazırkı bazar stabilliyi və dinamika onu göstərir ki, qiymətlərin yaxın illərdə də artması ehtimalı yüksəkdir. Tələbələr münasib qiymətə mənzilləri əsasən şəhərətrafı ərazilərdə, qəsəbələrdə tapa bilərlər. Şəhərin daxilində isə Keşlə, NZS, Həzi Aslanov qəsəbələri və digər müəyyən ərazilərdə nisbətən münasib qiymətə təkliflərə rast gəlmək mümkündür. Ümumilikdə isə daha münasib variantlar əsasən şəhər ətrafında cəmlənib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*