TƏBİB bu gün Bakıda baş verən atışma zamanı yaralanan şəxslərin səhhəti ilə bağlı yeni məlumat yayıb.
Qurumdan KONKRET.az-a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
“Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin əməliyyatı uğurla başa çatıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
Sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir” – məlumatda qeyd olunur.
15:05
Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.
KONKRET.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.
TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
14:49
Bakıda atışma olub.
KONKRET.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Baş verən silahlı insident nəticəsində əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma aparılır.
