Bakıda çoxmərtəbəli yaşayış binalarına zəlzələyə dayanıqlılığı yoxlamaq üçün cihazlar yerləşdiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AZMİU) bildirilib.
Qeyd olunub ki, universitetin Zəlzələ Araşdırmaları Mərkəzi tərəfindən böyük bir tədqiqat aparılıb.
“Tədqiqatın nəticəsi olaraq ölkə ərazisində, xüsusən, Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək. Bu cihazlarla həmin binaların zəlzələyə davamlılığı barədə mütəmadi olaraq monitorinq aparılacaq. Beləliklə, risklər müəyyənləşdiriləcək, baş verə biləcək problemlərin qarşısını vaxtından əvvəl almaq mümkün olacaq”, – məlumatda vurğulanıb.
Bildirilib ki, AZMİU-nun professoru Azər Qasımzadə və kafedra müdiri, akademik Telman Əliyev hazırda bu layihə üzərində çalışırlar.