Ekologiyanı qorumaq, təbiəti sevmək və yaşıllıqların sayını çoxaltmaq üçün çalışmaq hər birimizin mənəvi borcudur. Bu istiqamətdə dövlət tərəfindən müvafiq addımlar atılır, park və xiyabanların salınması üçün müəyyən işlər görülür. Eyni zamanda bu işdə cəmiyyətin üzərinə də böyük məsuliyyət düşür. Lakin təəssüflər olsun ki, heç də hər kəs təbiəti qorumaq üçün səy göstərmir, əksinə ekologiyaya ziyan vuran, yaşıllıqları məhv edən insanların sayı günü-gündən çoxalır.
KONKRET.az xəbər verir ki, aprel ayının 21-də Bakının Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 31 saylı binanın qarşısında ekologiyaya əməlli-başlı “divan tutulması” haqda məlumatlar daxil olub. Belə ki, yeni yarpaq açmış ağaclara qarşı sözün əsl mənasında ” soyqırım ” həyata keçirilib.
Qonşuların və ətrafdakıların narazılığına baxmayaraq öz çirkin əməllərini sonadək həyata keçirən və ekologiyaya “qənim kəsilən” bu şəxslər bayram günü olmasından və aidiyyatı dövlət strukturlarının işləməməsindən istifadə ediblər. Ümid edirik ki, sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də ərazi üzrə icra hakimiyyətinin nümayəndələri araşdırma aparacaqlar. Yaşıllıqları məhv edən və ekologiyaya ziyan vuranlar barəsində lazımı ölçü götürüləcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
