Bakıda uşaqlarına görə keçmiş arvadına aliment borcunu ödəməyən ata həbs olunub.
KONKRET.az xəbər verir ki, 33 yaşlı Rasim Şərifov (şərti adla) 2 ildir 3 övladına olan aliment borcunu ödəməyib. Məlumata görə, o, 2018-ci ildə ailə qurub. Nikahlarından 2019, 2021 və 2022-ci il təvəllüdlü 3 övladları dünyaya gəlir.
Münasibətləri yaxşı olmadığı üçün 2024-cü ildə cütlüyün nikahı ləğv edilib. Bundan sonra məhkəmə Rasimin hər uşağa görə 180 manat olmaqla, aylıq 540 manat pulu keçmiş arvadına ödəməsi ilə bağlı əmr verib. Lakin Rasim həmin ödənişləri yerinə yetirməyib.
Nəticədə qadın keçmiş ərinə qarşı məhkəmədə iddia qaldırıb. İddia əsasında Rasim Şərifov barəsində cinayət işi açılıb.
R. Şərifov ifadəsində rəsmi iş yerinin olmadığını deyib. O, şirkətə məxsus avtomobillə taksi işlədiyini, gündəlik 15-20 manat qazancının olduğunu bildirib. Rasimin sözlərinə görə, 3 ildir ki, uşaqlarını görə bilmir.
Qadın ümumi yığılan 11880 manat aliment borcunun Rasimdən alınaraq ona verilməsini, əks halda isə keçmiş ərinin cəzalandırılmasını tələb edib. Qadının sözlərinə görə, istintaq dövründə Rasimdən yalnız 1000 manat ala bilib.
Məhkəmənin qərarı ilə R. Şərifov 9 ay müddətinə azadlıqdan məhrum edilib.
