Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə bir qədər də artıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma torpaq bazarında müşahidə olunub, eyni zamanda mənzil, qeyri-yaşayış obyektləri və fərdi yaşayış evləri seqmentlərində də artım davam edib.
Aparılan hesablamalara görə, mayda Bakı üzrə torpaq bazarında orta qiymət artımı 2,4 %, yeni tikili mənzillərdə 1 %, köhnə tikili mənzillərdə 1,5 %, tikintinin ilkin mərhələsində olan (“kotlovan”) layihələrdə 1,6 %, qeyri-yaşayış obyektlərində 1,5 %, fərdi yaşayış evlərində isə 1,4 % təşkil edib.
Torpaq bazarında ən yüksək artım Xəzər rayonunda qeydə alınıb. Bu rayonda may ayında torpaq qiymətləri 3,6 % yüksəlib. Sonrakı yerlərdə Sabunçu (3,1 %), Suraxanı (2,9 %), Binəqədi (2,7 %) və Qaradağ (2,5 %) rayonları qərarlaşıb. V. Oruc bunu şəhərətrafı ərazilərə marağın artması, fərdi ev tikintisinin genişlənməsi və infrastruktur layihələrinin sürətlənməsi ilə əlaqələndirir.

Yeni tikili mənzillər bazarında ən yüksək aylıq bahalaşma Səbail rayonunda müşahidə olunub. Bu rayonda qiymətlər ötən ay 1,4 % artıb. Yasamal və Nəsimi rayonlarında artım 1,3 %, Nərimanov və Xətai rayonlarında isə 1,2 % olub. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada qiymətlər cəmi 0,5 % yüksəlib.
Köhnə tikili mənzillər bazarında da Səbail lider olub. Rayonda qiymətlər bir ay ərzində 2 % artıb. Nəsimi rayonunda artım 1,9 %, Yasamalda 1,8 %, Binəqədi və Nizami rayonlarında isə 1,7 % təşkil edib. Pirallahı rayonunda köhnə mənzillərin qiymətləri 0,9 % yüksəlib.
Tikintinin ilkin mərhələsində olan layihələrdə (“kotlovan”) ən yüksək qiymət artımı da mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda bu seqment üzrə artım 2,3 %, Nəsimidə 2,2 %, Yasamalda 2,1 %, Nərimanov və Xətaidə isə 1,9 % olub. Pirallahı rayonunda isə artım 0,8 % səviyyəsində qalıb.

Qeyri-yaşayış obyektləri bazarında ən yüksək dinamika Səbail və Nəsimi rayonlarında müşahidə edilib. Səbail rayonunda qiymətlər 2,1 %, Nəsimi rayonunda 2 %, Yasamal rayonunda isə 1,9 % yüksəlib. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada artım 0,8 % olub.
Fərdi yaşayış evləri bazarında isə liderlik Xəzər rayonuna məxsus olub. Bu rayonda may ayında qiymətlər 2 % artıb. Sabunçu rayonunda artım 1,8 %, Binəqədi və Suraxanı rayonlarında 1,7 %, Qaradağ rayonunda isə 1,3 % təşkil edib.
Rayonlar üzrə ümumi göstəricilər göstərir ki, mərkəzi rayonlarda mənzil və kommersiya obyektləri seqmenti daha yüksək dinamika nümayiş etdirdiyi halda, şəhərətrafı rayonlarda torpaq və fərdi yaşayış evləri bazarı daha sürətlə bahalaşır. Xüsusilə Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarında qeydə alınan artım bu seqmentin daşınmaz əmlak bazarının əsas lokomotivinə çevrildiyini göstərir.
Mövcud tendensiya ilin sonuna qədər davam edərsə, torpaq sahələri və tikintinin ilkin mərhələsində olan layihələr investorlar üçün ən gəlirli istiqamətlər olaraq qalacaq.
