Bakının tıxacına görə Xırdalan və Sumqayıtla bağlı TƏKLİFbackend

Bakının tıxacına görə Xırdalan və Sumqayıtla bağlı TƏKLİF

Bakıda, xüsusilə səhər və axşam saatlarında müşahidə olunan nəqliyyat sıxlığı paytaxt sakinlərinin gündəlik həyatını çətinləşdirən əsas problemlərdən biri olaraq qalır. Tıxacların azaldılması üçün iş və dərs saatlarının dəyişdirilməsi, müəyyən ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyətlərin tətbiqi, ictimai nəqliyyatın fəaliyyətinin genişləndirilməsi kimi təkliflər gündəmə gəlir.

Lakin bu tədbirlər problemin köklü həlli üçün kifayət edirmi? Paytaxtda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün daha hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda nəqliyyat sıxlığı uzun illərdir ciddi problem olaraq qalır və onun həlli üçün hökumət daha qətiyyətli addımlar atmalıdır.

ANONS EDİLDİ: Gələn il quru sərhədləri açılacaq | KONKRET

Onun sözlərinə görə, yalnız iş və dərs saatlarının dəyişdirilməsi, yaxud avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlərin qoyulması ilə vəziyyəti yaxşılaşdırmaq mümkün deyil:

“Azərbaycanda nəqliyyat sıxlığı hər zaman ciddi problemlərdən biri olub. Hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün hökumət zəruri addımlar atmalıdır. Səsləndirdiyiniz alternativ tədbirlərdən istifadə edilməsi və müvafiq qərarların verilməsi kifayət etmir. Uzun illərdir bunun şahidi oluruq. Daha ciddi və alternativ həll yolları tətbiq edilməlidir.

Metronun müəyyən hissələrinin bağlanması, təmir işlərinin uzanması və digər problemlər ictimai nəqliyyatın fəaliyyətinə mənfi təsir göstərir. Paytaxtın kənar ərazilərində yaranan sıxlığı yalnız qatarların hərəkətini genişləndirməklə aradan qaldırmaq mümkün deyil”.

C.Abbaslı hesab edir ki, nəqliyyat probleminin həllində metro şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir. O, Bakı kəndlərində və paytaxtətrafı yaşayış məntəqələrində metro xətlərinin çəkilməsinin vacibliyini vurğulayıb.

Siyasi şərhçi Xırdalan və Sumqayıt kimi böyük yaşayış məntəqələrini nümunə göstərərək bildirib ki, həmin ərazilərdə nəqliyyat infrastrukturunun genişləndirilməsinə ciddi ehtiyac var:

“Məsələn, Xırdalan kimi böyük ərazidə belə nəqliyyat sıxlığının şahidi oluruq. Halbuki Xırdalana metro xətti çəkilsə, insanlar bir sıra ciddi problemlərdən xilas ola bilərlər. Sumqayıt kimi böyük şəhərin də metro xətti yoxdur. Hökumət həmin istiqamətdə qatarların açılmasını problemin həlli üçün əsas vasitələrdən biri hesab edir. Ancaq görünən odur ki, bu, vəziyyəti tamamilə aradan qaldırmır.

Hesab edirəm ki, qatarlardan daha çox metro xətlərinin genişləndirilməsinə və yeni istiqamətlərin açılmasına diqqət yetirilməlidir. Təəssüf ki, hökumət bu məsələyə lazımi səviyyədə yanaşmır. Gec də olsa, gələcəkdə bu addımları atmağa məcbur olacaq”.

Beləliklə, Cavanşir Abbaslının fikrincə, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün inzibati məhdudiyyətlərlə kifayətlənmək əvəzinə, ictimai nəqliyyatın imkanları genişləndirilməli, xüsusilə metro şəbəkəsinin paytaxtətrafı ərazilərə qədər uzadılması istiqamətində konkret qərarlar qəbul edilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*