Bayden çox pis yıxıldı – Professor bir çox məqamları AÇIQLADIbackend

Bayden çox pis yıxıldı - Professor bir çox məqamları AÇIQLADI

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

İnsan var ki, yaşa dolduqca daha da müdrikləşir. Gənclik və yetkinlik çağları ilə müqayisədə daha tədbirli, daha ədalətli və daha humanist olur. Adam da var ki, qocaldıqda getdikcə daha artıq ağıl və düşüncəsini itirir. Anormal doğulan uşaqlar kimi danışığının, hərəkətlərinin məsuliyyətini anlamır.

Nə qədər təəccüblü olsa belə ABŞ-ın 76 yaşlı 46-cı prezidenti Cozef Bayden də özünü hələ ki, dünyaya məhz ikinci qrupdan olan qocalar kimi təqdim etməkdədir. Prezidentliyə başlayar-başlamaz təyyarənin pilləkənində bir an içərisində bir neçə dəfə büdrəməsi əlbəttə onun qocalığına, fiziki cəhətdən yetərincə sağlam olmadığına işarət oldu. Amma razılaşaq ki, belə halları nəinki ABŞ kimi qüdrətli bir dövlətin başçısı üçün, lap elə sadə insanlar üçün heç bir halda eyib kimi təfsir etmək doğru olmazdı.

Amma Baydenin qocalıq “macəraları” bununla bitmədi. Prezidentliyə başladığı üç ay ərzindəki çıxışlarında, bəyanatlarında, qəbul etdiyi qərarlarında bir-birinin ardınca yol verdiyi səhvlər onun əqli cəhətdən, fikir və düşüncə baxımından da həqiqətən çox, hətta fiziki cəhətdən olduğundan da çox qocaldığından xəbər verir. Onun və komanda üzvlərinin düşünülməmiş bəyanatları və qərarları indi tək Respublikaçılar partiyasından olan opponentlərini deyil, artıq bütün dünyanı təəccübdəndirməkdədir.  50 ildən artıq bir müddətdə böyük siyasətdə olan və yaşının bu çağında prezident seçilən bu insan ABŞ-ın əzəli rəqibi və düşməni hesab etdiyi Rusiya kimi nəhəng bir dövlətin başçısının adını düzgün tələffüz edə bilməməsi, siyasi və diplomatik etikanı pozaraq onu birbaşa «quldur» adlandırması bu qocanın təkcə yaddaşını deyil, həm də ağlını itirdiyindən xəbər verir. Yəni, bu adam anlamır ki, onun düşünülməmiş kəlmələri dünyanın bu iki nəhəng dövləti arasında qarşıdurmanı daha da dərinləşdirərək uçuruma çevirir?! Amerikaya bu lazımdır?! Dünyaya bu lazımdır?! Görünür, cənab Bayden həqiqətən də cənab Putinlə üz-üzə oturub problemləri müzakirə etmək durumunda deyil. Onun cənab Putinin açıq və birbaşa dialoqa çağırışından yayınması da bu ehtimalı təsdiq etmiş oldu.

ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçkiqabağı kompaniya zamanı Baydenin normal prezident ola biləcəyinə şübhə ifadə edərək demişdi ki, o prezident Ərdoğanla necə danışıq apara bilər?! Razılaşaq ki, Tramp bu ehtimalında heç də yanılmayıbmış. ABŞ-ın müttəfiqi və NATO-nun aparıcı dövləti olan Türkiyəyə qarşı sərgilədiyi sözün əsil mənasında düşmən münasibət də göstərdi ki, Bayden Türkiyə ilə ənənəvi müttəfiqliyi də davam etdirmək gücündə və istəyində deyil. Aprelin 24-də «erməni soyqırımı» ifadəsini işlətməklə o ermənilərin könlünü aldı, onlara olan borcunu qaytardı.  İstanbulu tanımırmış kimi, ona Konstantinopol deməklə isə yunanlara və Yunanıstana yarınmış oldu. Bu dərəcədə qeyri-ciddi yanaşmalar ABŞ kimi nəhəng dövlətin başçısına yaraşarmı?! Orta Şərqdə söz sahibi olan Türkiyə kimi güclü və etibarlı müttəfiq və tərəfdaşı itirmiş oldu. Bayden və onun komandası elə güman edir ki, guya Azərbaycan və Türkiyə ilə düşmənçilik edən Ermənistana çox böyük bir yaxşılıq etdilər. Əslində isə ən böyük pisliyi elə Ermənistana və ermənilərə etmiş oldular.

Hadisələrin bu cür inkişafı göstərir ki, artıq Baydenin məntiqi və yaddaşı sözünə baxmır. Bəs onun vəziri-vəkilləri necə? Məgər onlar da bilmirlər ki, 1453-cü ildən sonra dünya xəritəsində Konstantinopol adlı şəhər yoxdur?! Məgər bilmirlər ki, I Dünya müharibəsi ərəfəsində rəsmi statistikaya görə Türkiyədə cəmi 1 milyon 229 min 9 nəfər erməni yaşayırdı. Onların da böyük bir qismi ABŞ-a, Fransaya, Rusiyaya və digər ölkələrə köç etdi. On minlərlə erməni ailəsi isə heç nə baş verməyibmiş kimi Türkiyədə qalaraq bu günədək normal həyat sürməkdədir. Belə olan halda Bayden 1 milyon 500 min erməninin soyqırıma məruz qaldığını necə dilə gətirə bilər?! Yəni, bu günkü ABŞ administrasiyasında sadə riyazi hesablama apara bilən də yoxdur?! Vallah, adamın onların yerinə utanmağı gəlir.

Bayden və onun komandası guya bilmirlər ki, onların və “dostlarının” himayə etdiyi ermənilər nə dərəcədə satqın və zatıqırıq toplumdur?! Niyə Çavçavadze, Veliçko, Şavrov, Qorki, Puşkin və Mayakovskini oxumurlar?! Axı, həmin klassiklər hələ 100-150 il öncə bu satqın və xəyanətkar toplumu son dərəcə dəqiq və ətraflı şəkildə obrazlaşdırıblar. Bir zamanlar Qafqazı az qala qarış-qarış gəzən V.Mayakovski onları “analarını belə satmağa hazır olan qaniçən, yaltaq, pozğun” bir toplum kimi təqdim edib. XIX əsrin tanınmış gürcü şairi və ictimai xadimi İ.Çavçavadze görün nə yazır: “Bizi Yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı biabır edib, bizi milli heysiyyətdən məhrum etməklə kifayətlənməyərək, bütün tariximizi də, salnaməmizi də, tarixi qalıqlarımız və abidələrimizi, bizə məxsus hər şeyi müxtəlif fırıldaqlar yolu ilə özlərinin adına çıxır”. Lap deyək ki, Bayden başda olmaqla Demokratlar XIX əsr ədəbiyyatında erməniləri çox yaxından tanıyan müəlliflərinin əsərlərindən xəbərsizdirlər. Bəs XX əsrdə, lap elə XXI əsrdə ermənilərin törtədiklərini niyə görmək istəmirlər?! Ermənilərin 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda, Azərbaycanın digər yerlərində törətdikləri kütləvi qırğınların ağrı-acısı getməmiş indiki Ermənistan ərazisində yaşayan 100 minlərlə soydaşımız olmazın vəhşiliklərlə əzəli Azərbaycan torpağı olan yurd-yuvalarından qovuldu, beləliklə Ermənistan monoetnik bir “dövlətə” çevrildi. Əlləri erməni lobbisinin cibində olan Amerika və Fransa liderləri məgər bütün bunlardan xəbərsizdirlər?! Bəs Xocalı soyqırımı, Kərkicahan, Daşaltı, Ağdaban, Qarakənd faciələrini kimin adına yazaq?! 30 il işğal altında saxladıqları digər kənd və qəsəbələrdə törətdikləri qırğın və vandalizmi məgər ermənilər törətməyiblər?! 10 noyabr  razılaşmasından sonra tərk etmək məcburiyyətində qaldıqları Ağdam, Kəlbəcər və Laçını necə od vurub yandırdıqlarını axı bütün dünya gördü. Onların azərbaycanlılara məxsus tarixi yerləri, mədəniyyət abidələrini necə yerlə yeksan etdiyini, məscidlərdə donuz bəslədiyini də hər kəs gördü. Biz 30 il idi ki, deyirdik,  amma sizlər özünüzü karlığa qoyaraq eşitmirdiniz. İndi də özünüzü korluğa qoyaraq bütün bu vəhşilikləri görmürsünüz. Əksinə, hələ bir türkləri cəzalandırmağa cəsarət də edirsiniz.

Məşhur atalar məsələsində deyildiyi kimi “ayıblı ayıbın bilməzmiş”. Görün, kim  kimi və nəyə görə ittiham edir?!

Amerikanın əzəli sakinləri olan hinduları kim qırıb qurtardı?! Atom bombası atmaqla Xerosima və Naqasaki  adalarını kim cəhənnəmə döndərdi?! 1965-1979-cu illərdə ABŞ hərbçilərinin Vyetnamda 25 milyondan çox insanın həyatına vəhşicəsinə son qoyduğunu məgər unudublar?! Əfqanıstanda, İraqda törədilən qırğın və dağıntıların əsas günahkarının da ABŞ olduğunu bilən yoxdur?! Planetin ayrı-ayrı guşələrində zaman-zaman alovlanan konflikt və separatçılıq hallarında da amerikan barmağı olduğu danılmazdır.

Havadarlarının hər cür yardımına və canfəşanlığına baxmayaraq 44 günlük müharibədə Ermənistan acı məğlubiyyətə uğradı, erməni ordusu darmadağın oldu və kapitulyasiya aktına imza etdilər. Bir çox erməni siyasətçilərinin və hərbiçilərinin, hətta Ermənistanın siyasi rəhbərliyinin də dəfələrlə etiraf etdiyi kimi əgər Rusiyanın vasitəçiliyi və 10 noyabr müqaviləsi olmasaydı, Ermənistanın daha ağır duruma düşəcəyi qaçılmaz idi.

İndi, Bayden Administrasiyası ermənilərin sönməkdə olan ocağını körükləyərək yenidən közərtməklə nə etmək istəyir?! Anlamırlar ki, ermənilər bir də qımıldanası olsalar, daha Rusiya da onları xilas etməyəcək?! Ümid edək ki, son olaylar Ermənistanı özünə müttəfiq hesab edən Rusiyanın siyasi dairələrini də gec də olsa ayıldacaq. Anlayacaqlar ki, Rusiyanın qoltuğu altında gizlənərək, Rusiyanın hərbi-iqtisadi potensialı hesabına yaşayan Ermənistan rəhbərləri əslində kimə və hara işləyir?! Yoxsa, Amerika və Bayden ermənilərin nəyinə aşiq olacaqdı?!

Başqaları necə düşünür, necə yazır özü bilər. Amma şəxsən mən o fikirdəyəm ki, Bayden və onun komandasının 1915-ci ildə olmayan erməni soyqırımını dilə gətirməsi heç də onların erməni toplumuna sevgisindən qaynaqlanmır. ABŞ-ın dərdi Türkiyə dərdidir. Yəni, Türkiyənin regionda söz sahibinə çevrilməsi onu çox əndişələndirir. Türkiyənin Rusiya ilə getdikcə daha artıq şaxələnən əlaqələrindən narahatdır. Türkiyənin İraqda, Liviyada, bütövlükdə Orta Şərqdəki hərəkətlənməsindən məmnun deyil. Baxın, sözdə Türkiyəni özünə müttəfiq olduğunu deyənlər artıq necə illərdir ki, fetoçulara qucaq açaraq onları yeni-yeni təxribatlara ilhamlandırmaqdadır. Amma unudurlar ki, tarix boyu Türkiyə və türk xalqı ilə oyun oynayanlar sonda çox pis peşiman olublar.

  • Hər zaman haqdan, ədalətdən dəm vuran ABŞ ötən illər ərzində ATƏT-in Minsk qrupunun həmsədri olaraq Qarabağ münaqişəsinin nizamlanması yolunda nə iş gördü?! Hansı məsələdə səmimi oldu, ədalətin tərəfində durdu?! Sadəcə öz çirkin oyununu oynadı. Necə deyərlər “dovşana qaç, tazıya tut” – dedi. Təzada bir baxın, 106 il bundan öncə guya Osmanlı dövlətinin ermənilərə qarşı soyqırım törətdiyinə görə indi ABŞ Türkiyədən hesab sorur. Halbuki zaman gələcək ki, ABŞ özü də bir sıra çox ciddi sorulara cavab verməli olacaq. Məsələn, ABŞ dünyanın ən zəngin və imkanlı ölkəsidir. O, Sorosun və qeyrilərinin əli ilə müxtəlif ölkələrə davamlı olaraq yardımlar edir. Yəni, ABŞ, belə səxavətli ölkədir?! Elə isə o özünün uzun illər ərzində yığılıb qalmış olan fantastik həcmə olan xarici borclarını niyə ödəmir?! Bəli, nə qədər paradoksal olsa da dünyanın ən zəngin ölkəsi olan ABŞ həm də dünyada ən çox xarici borcu olan dövlətdir. Qoçuyam, güclüyəm, vermirəm! İndi deyin, yardım paylamaq daha vacibdir, yoxsa başqalarının borcunu qaytarmaq?! Bu yerdə məşhur bir atalar məsəli də yadıma düşdü: “Bir dəfə siçana təklif edirlər ki, bu yuvadan çıx, o biri yuvaya gir, sənə 300 tümən verək. Siçan baxır-baxır və öz-özünə sual edir: “Balam, məsafə qısa, muzd çox, burada nə isə bir hiylə var”. Bax, ABŞ-ın digər ölkələrə, dövlətlərə ayrı-ayrı toplum və təşkilatlara yardımlarının arxasında da beləcə hiylə durur.

Hələ prezidenrt seçkilərdən öncə yaş amilini əsas götürən bir sıra siyasi təhlilçilər belə hesab edirdilər ki, Bayden hətta seçilərsə belə, çətin ki, prezidentlik müddətinin sonunadək işləyə bilsin. Bu ehtimallar gündəmə gələndə Bayden hələ nə büdrəmişdi, nə də indiki kimi siyasətdə bir-birinin ardınca kobud səhvlər edə-edə yıxılmışdı. Bəli, Bayden siyasətdə çox tez, həm də çox pis yıxıldı. Özü də amerikalıların deyil, ermənilərin və yunanların qucağına yıxıldı. Zaman gələcək, bu, Amerika tarixinin qara səhifəsi kimi anılacaq. Özü də bu dönüş çox da gec yox, ən uzağı növbəti prezident seçkilərində baş verəcək.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*