Bank olmayan kredit təşkilatlarının borclularla bağlı məlumatları üçüncü şəxslərlə paylaşması və ya onların yaxın çevrəsi ilə əlaqə saxlaması son dövrlərdə hüquqi və ictimai müzakirə mövzusuna çevrilib. Kredit öhdəliklərinin icrası zamanı tətbiq olunan bu üsullar bəzən borclunun şəxsi məlumatlarının qorunması hüququ ilə ziddiyyət təşkil edir və əlavə hüquqi məsuliyyət yarada bilər.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, istər bank, istərsə də bank olmayan kredit təşkilatı borclu ilə bağlı məlumatları onun ailə üzvlərinə, yaxın qohumlarına və ya digər üçüncü şəxslərə açıqlayaraq əlaqə saxlayır və borcun mövcudluğu barədə məlumat verirsə, bu hal bank sirrinin pozulması kimi qiymətləndirilə bilər:
“Belə praktika həm bank sirri anlayışına, həm də şəxsin şəxsi həyatına dair məlumatların qorunması prinsipinə zidd hesab olunur. Mövcud məhkəmə təcrübəsində də vurğulanır ki, borclunun maliyyə vəziyyəti və kredit öhdəliyi barədə məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Bu cür məlumatların paylaşılması yalnız bank sirrinin deyil, eyni zamanda şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi də qiymətləndirilir”.
Vəkil deyib ki, bu hallarla üzləşən şəxs mənəvi zərərin vurulduğunu əsas gətirərək məhkəməyə müraciət edə və ona dəymiş mənəvi zərərin əvəzinin bank və ya kredit təşkilatı tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir.
