Alimlər virusların mənzillər arasında havalandırma sistemi vasitəsilə yayıla biləcəyini açıqlayıblar.
KONKRET.az xəbər verir ki, MedicalXpress-in yaydığı məlumata görə, tədqiqatçılar İspaniyada yaşayış binasında baş vermiş COVID-19 yoluxmalarını araşdırıblar. Araşdırma nəticəsində virusun vanna otaqlarındakı ümumi ventilyasiya şaxtası vasitəsilə yayıldığı ehtimal edilir.
Məlumata əsasən, lokdaun bitdikdən sonra ölkədə koronavirusa yoluxma halları demək olar ki, qeydə alınmırdı. Lakin binanın üçüncü mərtəbəsində yaşayan bir nəfərin xəstələnməsindən sonra virus eyni xətt üzrə yerləşən mənzillərdə yaşayan ən azı 15 nəfərə yayılıb.
Eksperiment zamanı boş mənzillərdən birində gözlənilmədən CO₂ səviyyəsinin artdığı da müşahidə olunub. Tədqiqat iştirakçılarından biri bunu “otaqdakı kabus effekti” adlandırıb.
Alimlər bildirirlər ki, problem yalnız İspaniyaya aid deyil. Oxşar ventilyasiya sistemləri dünyanın bir çox köhnə yaşayış binalarında hələ də istifadə olunur.\\Musavat.com
