“Bu gün mən bəyan edirəm ki, ABŞ Avropadakı qüvvələrini artıracaq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Madriddə keçirilən NATO Sammiti çərçivəsində Alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə deyib.
Bayden NATO ölkələrinin sammitdə Finlandiya və İsveçin üzv qəbul olunması mesajını verəcəklərini bildirib.
“İki ölkənin neytrallıq ənənəsindən əl çəkərək NATO-ya daxil olmaq qərarı alyansımızı daha da gücləndirəcək”, – deyə Bayden bildirib.
Bayden qeyd edib ki, ölkəsi daha əvvəl Avropadakı əsgər sayını 100 minə çatdırıb və bu sayı artırmağa davam edəcək.
O, həmçinin Polşada daimi qərargah yaradacaqlarını, Rumıniyada döyüşə hazır qoşunları saxlayacaqlarını və Britaniyaya da iki F-35 təyyarəsinin göndəriləcəyini diqqətə çatdırıb.
NATO-nun öz əhəmiyyətini sübut etdiyini və hər zamankındən daha vacib olduğunu vurğulayan Bayden deyib:
“Putin Avropanın “finlandiyalaşdırılma”sını istəyirdi və nəticədə “NATO-laşma”sını görəcək. Avropanın təhlükəsizliyini təmin etmək üçün bunu etmək lazımdır”.
İqbal Rzayev,
KONKRET.az
