İrəvanda keçirilən beynəlxalq yarışda bayrağımızın yandırılması dünyanın diqqət mərkəzindədir və ermənilərin bu addımı kəskin pislənilib. Azərbaycan hökuməti bu təxribatla bağlı artıq bır sıra müstəvidə addımlar atmağa başlasa da, beynəlxalq hüququn məsələ ilə bağlı nə deyəcəyi maraq doğurur. Maraqlıdır görəsən, dünya səviyyəli tədbirlər zamanı bu cür insidentlərin baş verməsinə beynəlxalq hüquqda hansı cəza mexanizmləri nəzərdə tutulub? Ümumiyyətlə, Azərbaycan hüquqi müstəvidə hansı addımlar ata bilər?
Mövzunu KONKRET.az-a şərh edən tanınmış hüquqşünas Əsabəli Mustafayev bildirib ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün imkanlar olmayacaq: “Çünki ən çox işlədiyimiz Avropa Konvensiyasında dövlət atributlarının təhqir olunmasına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyət daşıması haqda maddə yoxdur. Yəni Avropa Konvensiyasında bütün hüquq və azadlıqlar təsbit olunmayıb. Digər beynəlxalq məhkəmələrdə də eyni qayda hökm sürür. Amma bizim istintaq orqanı İrəvanda bayrağımızın yandırılması ilə bağlı cinayət işinə başlayıb. Bu məsələni genişləndirmək və davam etdirmək lazımdır. Əgər müxtəlif vasitələrlə (oradakı çəkilişlər və ya idman assosiasiyaları) həmin şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olarsa, bu zaman onlar haqqında ittiham irəli sürə və beynəlxalq axtarışa verə bilərik. Əlbəttə ilk növbədə müvafiq istintaq orqanları həmin şəxslərin Azərbaycana təhvil verilməsi üçün Ermənistana müraciət ünvanlamalıdır. Amma aydındır ki, bu, mümkün olmayacaq və Ermənistan öz vətəndaşını bizə təhvil verməyəcək. Buna baxmayaraq hüquqi addımı atmaq zəruridir. Daha sonra isə onların məsuliyyətə cəlb olunmasını və bu haqda Azərbaycana məlumat verilməsini tələb etmək olar. Yəqin ki, Ermənistan bu tələbi də reallaşdırmayacaq. Ona görə də, Azərbaycan tərəfi bayrağımızı yandıranların şəxsiyyətini müəyyənləşdirdikdən sonra, onları beynəlxalq axtarışa verib məsuliyyətə cəlb edilməsinə cəhd göstərə bilər”.
![]()
Hüquqşünas əlavə edib ki, erməni təxribatçıların İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilməsi həmin şəxslər üçün bir çox məhdudiyyətlər yaradacaq: “Yəni onların ölkədən çıxışına imkan verilməyəcək. Çünki bu zaman həbs təhlükəsi ilə üz-üzə qalacaqlar. Güman edirəm ki, İnterpol bu addımı atacaq. Çünki bütün beynəlxalq aləm bayrağımızın yandırılması məsələsini pislədi. Bu insident Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini göstərdi. Digər istiqamətdə isə Azərbaycanın müvafiq orqanları yarışları təşkil edən beynəlxalq idman qurumlarına müraciət ünvanlamalı və Ermənistanın cəzalandırılmasını tələb etməlidir. Məsələn, müəyyən müddətə beynəlxalq yarışların Ermənistanda keçirilməməsinə, baş verən insidentə görə rəsmi İrəvanın böyük məbləğdə cərimələnməsinə, idman assosiasiyalarında Ermənistanın üzvülüyünün ləğv edilməsinə nail olmaq mümkündür. Yəni Azərbaycan dövləti bu istiqamətdə mütləq addıma atmalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
