Məlum olduğu kimi, hazırda ölkədə hökm sürən koronavirus təhlükəsi səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah alış-veriş mərkəzlərinin fəaliyyətinə dair yeni qaydalar müəyyən edib. Sözsüz ki, həmin qaydalar Novruz bayramı ilə əlaqədar alış-verişdən qalmaq niyyətində olmayan xalqımızın virusdan maksimum qorunmasına yönəldilib.
Bəs görəsən, şəhərdə təşkil olunan yarmarkalarda vəziyyət nə yerdədir? İnsanların təhlükəsiz alış-verişi üçün hansı tədbirlər görülür?
Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi Mayis Musayev KONKRET.az-a mövzu ilə bağlı ətraflı məlumat verib: “Məlumdur ki, artıq neçə ildir Aqrar Tədarük və Təchizat ASC-nin nəzdində kənddən şəhərə satış mərkəzləri fəaliyyət göstərir. Və hazırda bu mərkəzlər şəhərin iki ünvanında – Nizami küçəsi,154 və “Əhmədli” metro stansiyası yaxınlığındakı Məhəmməd Hadi küçəsində işləyir. Bununla paralel olaraq kenddenshehere.az saytı vasitəsilə də onlayn sifariş qəbul olunur və çatdırılma həyata keçirilir. 20 manatdan yuxarı olan bütün sifarişlər Bakı şəhərində ödənişsiz olaraq çatdırılır. Qeyd edim ki, bütün bunlar Nazirlər Kabinetinin qərarından öncə həyata keçirilən bir prosesdir. Bildirim ki, bayram və digər əlamətdar günlərdən başqa yarmarkalar paytaxtın 5 ünvanında həftə sonları təşkil olunurdu. Bayramla əlaqədar isə yarmarkalar martın 14-dən 19-dək gündəlik rejimdə fəaliyyət göstərir ki, vətəndaşlar rahat şəkildə bayram bazarlığı edə bilsinlər. Hazırda yarmarkalar Yasamal rayonunda “Space” televiziyasının yanında, “Gənclik” metrostansiyasının yanında, Nərimanov rayonunda, Xırdalan şəhərində, Binəqədi rayonunda və Suraxanı rayon Qaraçuxur qəsəbəsində fəaliyyət göstərir. Və epidemiya ilə əlaqədar yarmarkalar mütəmadi olaraq dezinfeksiya edilir, orada iştirak edən bütün fermerlərə ödənişsiz olaraq əlcəklər və maskalar paylanır. Həmçinin bütün yarmarkaların girişində dezinfeksiyaedici məhlullar yerləşdirilib ki, yarmarka iştirakçıları, eyni zamanda oraya daxil olan vətəndaşlar əllərini dezinfeksiya edə bilsinlər.
Bir daha bildirim ki, yarmarkaların fəaliyyətində heç bir durğunluq yoxdur və martın 19-na kimi gündəlik rejimdə fəaliyyət göstərəcəkdir. Və əgər 19-dan sonra, ya da elə sabahdan Nazirlər Kabineti tərəfindən hər hansı göstəriş gələrsə, biz yarmarkaların fəaliyyətini ona uyğun olaraq tənzimləyəcəyik”.
Hazırladı: Sevinc Paşayeva