“Belə getsə, biz daha ağır cinayətlərin, əxlaqsızlıqların şahidi olacağıq” – ŞƏRHbackend

“Belə getsə, biz daha ağır cinayətlərin, əxlaqsızlıqların şahidi olacağıq” - ŞƏRH

Tanınmış hüquqşünas Aslan İsmayılov özünün facebook səhifəsində Nərmin Quliyevanın amansız qətli ilə bağlı açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, A.İsmayılov statusunda belə bir məqama diqqət çəkib ki, “Həmin kənddə olan evlər, birinci növbədə sakini tək olan, xüsusilə kişi cinsindən olan evlər və sahibsiz evlər bir-bir yoxlanılmalı idi. Bu gün də əminəm ki, həmin kənddə əməliyyatçılar kənd sakinləri ilə tək-tək gizli söhbətlər aparsalar, Nərmin bir-iki günə tapılardı”.

Hüquqşünas vurğulayıb ki, istintaqçılar qatili tapmaqla kifayətlənməməli, cinayəti bilib gizlədənlər də məsuliyyətə cəlb edilməlidirlər: “Həmin kəndə cavabdeh olan sahə rəisi hökmən cinayət məsuliyyətinə cəlb edilməlidir.

Onun cinayət barədə bilməməsi ancaq bir halda mümkündür. Deməli, həmin şəxs, ümumiyyətlə, bu işlə məşğul olmayıb, yəni tutduğu vəzifəsinə cinayətkarcasına səhlənkar yanaşıb. Əgər məşğul olubsa, deməli, bilib cinayəti gizlədib, yaxud həmin cinayətkar yox, bu əməliyyatçının əqli çatışmazlılığı var”.

A.İsmayılov hesab edir ki, Tovuz rayonunun Cinayət Axtarış Şöbəsi və qətl törədilən kənddəki əməliyyat vəziyyətinə nəzarət edən əməkdaşı, eləcə də qanunun icrasına nəzarət edən rayon prokuroru və digər hüquq-mühafizə orqanlarının əməkdaşları da hökmən məsuliyyət daşımalıdırlar: “Bunların cinayət hadisəsini bilməmələri mümkünsüzdür, çünki bir aydan artıqdır ki, ölkə mətbuatı bu hadisədən yazırdı. Sadaladıqlarımın hamısının əməlində cinayət tərkibi var. Onun maddəsini isə istintaq müəyyən etməlidir.

Yazdıqlarımda bilərəkdən heç bir xüsusi avadanlıqlardan, təlim görmüş itlərdən danışmadım, çünki törədilmiş cinayət o qədər bəsitdir ki, heç onlara ehtiyac da yox idi. Bu gün “törədilmiş cinayət çox mürəkkəb idi” deyənlər onda izah etsinlər ki, nə üçün sadaladıqlarımdan istifadə etməyiblər?”.

Tanınmış vəkil bildirib ki, cinayət məsuliyyəti daşımayan, ancaq mənəvi məsuliyyətləri heç də az olmayanlar da çoxdur: “Əlbəttə, bu sırada birinci növbədə dayanan illərlə Əli Həsənovun bəslədiyi mətbuatdır. Mən bunların millətin əxlaqını, mənəvi dəyərlərini məhv etdiklərini dəfələrlə yazmışam, ona görə o barədə yazmayacam. Bu dəfə mətbuatın birbaşa bu cinayətin açılmamasında günahından yazacam. Bu murdar mətbuat illərdir ki, şou naminə yalan məlumatlar yaydılar. Qızın qoşulub qaçdığını, yaxud baxımsızlıq ucbatından, yaxud digər səbəbdən ailəsini tərk etdiyini bilə-bilə “ŞOK!!! ŞOK!!! Qız uşağı itkin düşdü!!!” xəbər başlıqları ilə minlərlə yazı tirajladılar. Əminəm ki, hüquq-mühafizə orqanlarının Nərminin işinə laqeyd yanaşmalarında bu amilin də rolu var. Bu tip əxlaqa zidd verilişlər davam etdikcə biz daha ağır cinayətlərin, əxlaqsızlıqların şahidi olacağıq. Ona görə də zaurların, xoşqədəmlərin və digərilərinin bu tip verilişləri həm də bu səbəbdən təxirəsalınmadan bağlanmalıdırlar. Bu yazım bəzilərinin bilərəkdən DİN-i məsuliyyətdən kənarda saxlamaq üçün baş vermiş hadisədə Xoşqədəmi günah keçisi elan etmək məqsədi daşımır.

Kənd camaatının mənəvi məsuliyyəti də danılmazdır. Necə olur ki, kiminsə bir inəyi, bir toyuğu itəndə bütün kənd camaatı həyət-həyət kənd evlərini ələk-vələk edirlər, bir qız uşağı itir, kənd camaatı isə bundan şou yaratmaqla, faciədən istifadə edib bir-biri ilə haqq hesab çəkməyə girişir və heç kimin ağlına gəlmir ki, kənddəki evləri axtarmırlar?

Əlbəttə, ehtiyac olsa idi, daha çox məqamları diqqətinizə çatdırardım. İndilik bu qədər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*