“Belə getsə, rus sülhməramlılarının qalma müddəti heç 5 il çəkməyəcək” – Akif Nağıbackend

"Belə getsə, rus sülhməramlılarının qalma müddəti heç 5 il çəkməyəcək" - Akif Nağı

Akif Nağı

Bu günlərdə Robert Koçaryan Rusiya sülhməramlılarının Qarabağda müddətsiz qalması barədə sərsəm çıxış edib.

KONKRET.az bununla bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının mövqeyini öyrənib.

Siyasətçi bildirib ki, ermənilər, Ermənistan hökuməti və hakimiyyətə gəlmək istəyənlər Azərbaycana qarşı müqavimət güclərinin, imkanlarının olmadığını başa düşürlər.

“Artıq heç bir gücləri yoxdur, seçki öncəsi publika xətrinə populist çıxışlar edirlər. Onların arasında yalnız Levon Ter-Petrosyan ayıq düşünən siyasi liderdir və bu gün də o, açıq şəkildə bildirib ki, torpaqlar Azərbaycan torpağıdır, dünya da bunu belə qəbul edir və bizim bununla razılaşmaqdan başqa yolumuz yoxdur deyib”, – deyə Akif Nağı qeyd edib.

Robert Koçaryanın fikirlərinə münasibət bildirən QAT sədri deyib ki, Koçaryan kimiləri 90-cı illərdə Azərbaycanda siyasi hakimiyyət böhranı olanda, Azərbaycan Ordusu hələ formalaşmadığı dövrdə torpaqları işğal etdilər, indi də o əhval-ruhiyyədədirlər.

“Hələ də Azərbaycana qarşı nəsə edə biləcəklərini düşünürlər. Lakin başa düşürlər ki, Azərbaycan artıq elə bir səviyyədə, elə bir gücdədir ki, onlar heç nə edə bilməzlər. Xüsusilə Azərbaycan Türkiyə ilə müttəfiqdir, qardaş ölkə açıq şəkildə Azərbaycanı dəstəkləyir. Regionda Türkiyə ilə Azərbaycan reallıq yaradıb və bu reallığı onlar heç cür dəyişə bilməzlər. Ona görə son ümid yerləri Rusiyadır. Çünki Amerikaya müraciət edirlər, Amerika ciddi şəkildə yanaşmır onların müraciətlərinə, Fransanın gücü yoxdur ki, Türkiyə ilə Azərbaycanın gücünə qarşı dayansın. Ümidlərini Rusiyaya bağlayırlar və Rusiya ilə maraqları üst-üstə düşür”, – deyə siyasətçi bildirib.

Rusiyanın Qarabağa yerləşmə məsələsinə toxunan partiya sədri bunları deyib:

“Rusiya regiona girdi, hələlik Azərbaycanın nəzarətində olmayan kontingentində hərbi qüvvəsini yerləşdirdi. 1960 nəfərdən ibarət hərbçi olmalı idi, FHN-nin qüvvələrini də əlavə edərək, hərbçilərinin sayını 4 minə çatdırdı. Bu da çox ciddi bir qüvvədir və ermənilər həmin bu qüvvələrə söykənərək hərəkət edirlər. Onların arasında danışıqlar gedir ki, Azərbaycanla sərhədi də bütövlükdə rusların hərbi qüvvələrinin ixtiyarına versinlər”.

Rusiyanın vassalına çevrilən Ermənistanın günü-gündən rəzil duruma düşdüyünə işarə edən Akif Nağı vurğulayır ki, Ermənistanda dövlətçilik anlayışı belə yoxdur. Çünki heç bir dövlət özünə sığışdırmaz ki, onun sərhədinə başqa bir dövlət nəzarət etsin.

Ermənilərin bunu asanlıqla qəbul etdiyini deyən QAT sədri Ermənistan sərhədlərinin həmişə ruslar tərəfindən qorunduğunu önə çəkib:

“Türkiyə ilə sərhədi Rusiya qoşunları qoruyur, digər sərhədlərini də, indi Azərbaycanla sərhədi də Rusiyanın ixtiyarına verirlər. Ona görə də bu cür fikirlər səsləndirirlər ki, Rusiya sülhməramlıları burada daimi qalsın, onların köməkliyi ilə öz niyyətlərini həyata keçirməyə nail olsunlar. Sülhməramlılar qaldığı müddətdə Qarabağda mövcudluqlarını hansısa formada qoruya biləcəklərini, oradakı quldur rejiminə “status” verdirə biləcəklərini düşünürlər. Rusiyanın rəğbətini qazanmaq üçün bu ölkənin tərəfində olduqlarını, hərbi mövcudluğunu müdafiə edərək, özlərinə dəstək qazanmağa çalışırlar”.

Partiya rəhbəri rus sülhməramlılarının Qarabağda çox qalmayacaqlarını düşünür.

“Ermənilər özlərI də başa düşürlər ki, rusların burada müddətsiz qalması  real deyil. 10 noyabr razılaşmasına görə sülhməramlılar 5 il qalmalı idilər, ancaq onların burda qalma müddəti heç 5 il çəkməyəcək . Çünki hadisələr artıq yetişib, sülhməramlılara ehtiyac yoxdur. Azərbaycan həm ərazisinə nəzarəti bərpa edir, həm sərhədini özü qoruya bilir, ona görə də Ermənistan bu proseslər çərçivəsində nəsə etməyə çalışır, xüsusən də Koçaryan kimi liderləri”.

Azərbaycan vətəndaşlarının sülhməramlılarla bağlı narahatlığı barədə fikir bildirən Akif Nağı deyib ki, “2020-ci ilin sentyabrına kimi regionda Azərbaycan üçün dəhşətli bir status-kvo var idi. 14 min kv.m torpağımız işğal altında idi və belə bir şəraitdə bir ümidsizlik var idi. QAT olaraq bu ümidsizliyə qarşı böyük toplantılar keçirdik, bəyanatlar verdik, barışmaz münasibətimizi göstərdik, yenə də Ağdamın, Kəlbəcərin, Laçının, Şuşanın qayıtması ilə bağlı ümidsizliyimiz qalırdı. İndi situasiya dəyişib, yeni situasiya da bizim maraqlarımıza tam cavab vermir. Yenə narahatlığımız var, yəni Xankəndi, Xocalı, Xocavənd qayıtmalıdır”.

Regiondakı güclərin nüfuzu və nisbətindən danışan tarixçi Azərbaycanın daha güclü və şanslı olduğunu bildirib.

“Burada hər dövlətin öz marağı var. Qüvvələr nisbətinə baxaraq, düzgün, ağıllı addım atmaq lazımdır. Rusiya regiona öz əsgərlərini elə-belə yerləşdirməyib, onlardan minaya düşüb ölənlər də var, başqa əziyyətlər də çəkirlər, yəni onların da marağı var. Rusiyanın marağı ondadır ki, sülhməramlıların vasitəsilə regionda mövcudluğunu bərqərar etsin. Ermənistan Rusiya vasitəsilə balaca bir yerli muxtariyyət şəklində də olsa Qarabağda erməni adında nəsə bir yer saxlasın. Azərbaycan Türkiyə ilə birlikdə tələb edir ki, həmin ərazilərdə bir mənalı şəkildə Azərbaycan hakimiyyəti bərpa olsun, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər ərazilərdə.

Kim daha güclü, daha ağıllı, şəraitdən daha düzgün istifadə edəçəksə, o qalib gələcək. Burada ən çox şanslı Azərbaycandır, çünki Azərbaycan güclü və haqlı tərəfdir. Rusiya rəhbəri də dönə-dönə bildirib ki, Dağlıq Qarabağ, Xankəndi Azərbaycan torpağıdır. Sonuncu Şuşa səfərində Türkiyə və Azərbaycan prezidenti arasında olan kiçik dialoq da elə-belə deyildi. Yarı zarafat, yarı ciddi Xankəndini göstərərək Ərdoğanın “otel oradadır?” sualına, Əliyev “bəli, orada da olacaq” cavabını verir. Yəni, Azərbaycan prezidenti hədəfləri göstərir. Bu məsələlərdə Azərbaycanın şansı daha yüksəkdir və inanırıq ki, Türkiyə ilə birlikdə öz istəyinə nail olacaq”, – deyə Akif Nağı bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*