Son dövrlərdə qlobal enerji bazarlarında baş verən qiymət dalğalanmaları, xüsusilə Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) platformasında təbii qaz fyuçerslərinin bahalaşması bu proseslərin real bazarlara təsiri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Enerji qiymətlərinin beynəlxalq səviyyədə bir-biri ilə nə dərəcədə əlaqəli olması və bu dəyişikliklərin müxtəlif ölkələrin daxili bazarlarına necə sirayət etməsi isə ən çox diqqətçəkən məqamlardandır.
Bəs NYMEX-də qaz fyuçerslərinin artması Azərbaycanın enerji sektoruna real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, NYMEX-də formalaşan qiymətlər əsasən ABŞ daxili bazarını və qismən Şimali Amerika regionunu əhatə edir.

Onun sözlərinə görə, Nyu-York birjasında qaz satışının və qiymətlərinin dəyişməsi Azərbaycanın qaz sektoruna birbaşa təsir göstərmir:
“Azərbaycanın qaz ixracı əsasən uzunmüddətli müqavilələr əsasında həyata keçirilir və bu müqavilələrdə qiymət mexanizmləri daha çox neft indeksləri və ya Avropa qaz habları ilə bağlı olur. NYMEX isə tamam fərqli bazardır və burada formalaşan qiymətlər bizim üçün referens rol oynamır.
Azərbaycanın əsas ixrac bazarı Avropadır və qiymətlər daha çox Avropa regionunda fəaliyyət göstərən qaz ticarət platformalarındakı vəziyyətdən asılıdır. Bu baxımdan, ABŞ bazarında baş verən dəyişikliklər yalnız dolayı təsirlər yarada bilər, lakin birbaşa qiymət ötürülməsi mexanizmi mövcud deyil”.
Beləliklə, NYMEX-də qaz fyuçerslərinin bahalaşması qlobal enerji bazarlarında psixoloji və ya dolayı təsir yaratsa da, Azərbaycanın qaz qiymətlərinə və ixrac siyasətinə birbaşa təsir göstərmir.
Aynurə İsmayıl
KONKRET.az
