“Bəzən sui-istifadə halları olur, iki sürücü öncədən razılaşıb, il ərzində sığortadan ödəniş alırlar”backend

“Bəzən sui-istifadə halları olur, iki sürücü öncədən razılaşıb, il ərzində sığortadan ödəniş alırlar”

Xəbər verdiyimiz kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib. Avtomobil sahiblərinin icbari sığortası üzrə illərdir tətbiq olunan “bonus-malus” sistemi ləğv edilir. Bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaq. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunacaq. Bu isə vətəndaşlar arasında müzakirələrə səbəb olub və hadisəyə görə sığorta haqqından əlavə tətbiq olunacaq ödənişin doğru olmadığını bildirirlər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, əvvəlki sistem olan bonus-malus sistemində də sığorta şirkətləri avtomobili ikinci dəfə icbari sığorta edərkən tarixçəyə baxılırdı.

O bildirib ki, sürücü il ərzində qəza etmişdisə, sığorta ödənişi almışdısa, bu zaman yenə də sığorta haqqı bir qədər fərqli olurdu və bu əvvəlki sistemdə də mövcud idi: “İndi isə, sadəcə, bonus-malus sistemində qəliz hesablamalar aradan qaldırılır və konkret olaraq burada bir məsələyə baxılacaq ki, bu sürücü nə dərəcədə nizam-intizamlı olub, daha sonra həmin sığorta şirkəti ötən il ərzində ona hansı ödəmələri edib və ya etməyib. Bizdə bu mexanizmə ehtiyac var. Çünki bəzi hallarda sürücülər tərəfindən sui-istifadə halları olur. Məsələn, sövdələşmə olub, iki sürücü əvvəlcədən razılaşıb, qəzanı imitasiyа edib və il ərzində sığortadan ödəniş alıblar. Çünki sığorta şirkətləri ilə görüşlərdə bu haqda mənə deyiblər. Belə hallar da olub ki, sürücü özü il ərzində dəfələrlə qəza törədib və sığorta şirkətini daha çox ziyana salıb. Buna görə sığorta şirkətlərinin də belə sürücülərdən imtina etməməsi üçün həmçinin bu məsələni daha şəffaf həyata keçirtmək üçün belə qərar verilib. Nizam-intizamlı sürücülərin xeyrinə olan qərardır. Sığorta şirkətlərinin qarşısında kəskin tələblər qoyulur”.

E.Cəfərov qeyd edib ki, sığorta şirkətləri icbari sığorta edərkən sürücünün qəza tarixçəsinə baxıb məbləği bir qədər yüksəltmək ixtiyarındadırsa, o zaman yaxşı olardı ki, sürücüyə verilən icbari sığortanın məbləği də yüksəlsin: “Bu gün icbari sığortada maksimum məbləğ beş min manatdır. Məsələn, sürücü qəza törətdi, hansısa avtomobilə zərər dəydisə, sığorta dəymiş zərərin maksimum beş min manatını ödəyir. İndi məlumdur ki, 10 il əvvəlki kimi deyil. Ehtiyat hissələrinin qiyməti də fərqlidir. Avtomobillərin özləri də fərqlidir. Bu gün hansısa bahalı avtomobil yüngül toqquşma olan zaman onun xərci orta hesabla 10 min manata kimi gəlib çatır. Amma icbari sığorta tərəfindən ödəniləcək maksimum məbləğ cəmi beş min manatdır. Vətəndaş qəzaya düşəndən sonra həmin o beş min manatı alınmasında çətinlik çəkir. Daha da zərərə düşür. Beş min manatı sığorta şirkəti ödəyirsə, beş min manatı da öz cibindən ödəməli olur. Burda da yaxşı olar ki, balans yaransın və icbari sığortaya verilən maksimum məbləğ artırılsın. Bu daha ədalətli qərar ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*