Paytaxtın şimal girişindəki tıxac problemini köklü şəkildə həll edəcək yeni layihəyə start verilir. Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkəti asanlaşdırmaq məqsədilə yeni avtomobil yolu inşa olunacaq.
KONKRET.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən məlumata görə, layihə paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində icra edilir. İnşa olunacaq yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək.
Yeni Magistral Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Yolun gələcəkdə Heydər Əliyev və 8 Noyabr prospektləri ilə birləşdirilməsi planlaşdırılır. Həmçinin yeni yolun profilində gələcəkdə tramvay xəttinin çəkilməsi üçün xüsusi zolaq ayrılacaq. Eyni zamanda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna fasiləsiz bağlantı yaradılacaq və buradan yeni tramvay xətti çəkiləcək.
Layihənin tamamlanması ilə sürücülərin marşrutu bu şəkildə dəyişəcək:
Sumqayıt və Xırdalan istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına gedənlər “20 Yanvar” dairəsinə girmədən birbaşa Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə keçə biləcəklər.
Masazır tərəfdən gələn nəqliyyat vasitələri yeni yolla “20 Yanvar” dairəsindən kənar keçərək Əhmədli və Hövsan istiqamətinə hərəkət edəcək.
Pirşağı, Fatmayı və Mehdiabad sakini olan sürücülər Binəqədi şosesinin tıxacına düşmədən birbaşa Ziya Bünyadov prospektinə çıxmaq imkanı qazanacaqlar.
Yəni, Mehdiabad və Binəqədi ərazisindən şəhərə yeni alternativ yol çəkilir ki, bu da sürücülərin “20 Yanvar” dairəsinə və Binəqədi şosesinə girmədən birbaşa Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə çıxmasını təmin edəcək.
