Sumqayıt Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən şəxs Qüdrət Əmirovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İbtidai istintaq orqanı tərəfindən Qüdrət Əmirova nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan bir nəfərin ölümünə, iki nəfərin sağlamlığına ağır, iki şəxsin isə az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma ittihamı verilib.
İttihama görə, hadisə 18 mart 2025-ci il tarixdə saat 12:45 radələrində Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu, Ağalıq kəndi ərazisindən keçən 8-ci kilometrliyində baş verib.
Belə ki, Qüdrət Əmirov sürücülük vəsiqəsi və yol vərəqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “MTZ 89.2” markalı traktoru idarə edib. O, rayonun Günəşli kənd yolu ilə təxminən 20-25 km/saat sürətlə hərəkətdə olarkən yolayrıcına yaxınlaşıb. Həmin ərazidə hərəkəti istiqamətində yolayrıcının qarşısında 2.4 “Yol verin” üstünlük yol nişanı quraşdırılıb. Lakin Qüdrət Əmirov nişanın tələbini pozaraq dayanmayıb və yolayrıcına daxil olub.
Həmin vaxt baş yol hesab edilən Gəndob-Yalama avtomobil yolu ilə Gəndob istiqamətində təxminən 60 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobil yolayrıcından keçib. Traktor avtomobilin hərəkət zolağına daxil olaraq “VAZ 2106” ilə toqquşub.
İstintaqın qənaətinə görə, Qüdrət Əmirov yol hərəkəti qaydalarının tələblərinə əməl etməklə hadisənin qarşısını almaq üçün texniki imkanının olduğu halda, buna riayət etməyib. Toqquşma nəticəsində “VAZ 2106” markalı avtomobilin sərnişinləri ağır xəsarətlər alıb. Digər sərnişin Aslanova Gülmirə Rəşid qızı isə hadisə yerində ölüb.
Beləliklə, qəza zamanı bir nəfərin ölümü, iki nəfərin sağlamlığına ağır, iki nəfərin isə az ağır zərər vurulması ilə nəticələnib.
Hadisədən sonra Qüdrət Əmirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından dərhal həbsə alınıb.
