Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaqbackend

Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ixracatçıların nəqliyyat xərclərinin 73 faizə qədər hissəsinin dövlət tərəfindən kompensasiya olunacağını bildirib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, nazir cari ildə qeyri-neft-qaz ixracının həcminin 3,6 milyard ABŞ dollarına çatdığını, həmin ixracın 61 faizini sənaye məhsullarının təşkil etdiyini və ilin yekununda qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyinin gözlənildiyini diqqətə çatdırıb. M.Cabbarov ixracın coğrafiyasının genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketinin qəbul edildiyini və onun tətbiqinə başlanıldığını qeyd edib.

Paket çərçivəsində Bakı və Abşeron yarımadasından kənarda sahibkarlıq kreditləri üzrə faizlərin yarısının dövlət tərəfindən subsidiyalaşdırıldığını, kredit zəmanətləri limitinin 20 faizdən 50 faizə qaldırıldığını, həmçinin qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə sosial sığorta haqlarının kompensasiya hesabındakı vəsait hesabına ödənilməsi imkanının yaradıldığını bildirən nazir, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısının da dövlət tərəfindən ödəniləcəyini vurğulayıb.

Eyni zamanda, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin idxal gömrük rüsumlarının bir hissəsinin kompensasiya olunduğu diqqətə çatdırılıb.

M.Cabbarov əlavə edib ki, gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal edilən məhsulların azı 50 faizinin ixrac edilməsi şərti ilə həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulur və cari ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*