
Xaricdəki soydaşlarımızın Azərbaycanı layiqincə təmsil etmələri elə azərbaycançılıq ideyasını yaşatmaları deməkdir. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində bu cür soydaşlarımızla əlaqə yaradılaraq onların fikir və təklifləri öyrənilir. Məqsəd azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Qazaxıstanda yaşayan vətənpərvər soydaşımız, diaspor fəalı və KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri İldırım Müsayevin “YeniMedia”ya müsahibəsini təqdim edirik.
Xatırladaq ki, İldırım Musayev 1976-cı ildə Lerik rayonunun Sipyəreğon kəndində anadan olub. Orta məktəbi Lerik rayonunda bitirib. Bakıda müxtəlif sahələrdə çalışıb. Özü Qarabağ müharibəsinin iştirakçısıdır. Bir qardaşı isə Qarabağ döyüşlərində şəhid olub. 2000-ci ildən Qazaxıstanın Nur-Sultan şəhərində yaşayır. Çoxuşaqlı ailənin üzvü olan İldırım Musayev həyatda bütün nailiyyətlərini öz əziyyəti hesabına əldə edib.
– Qazaxıstanda azərbaycançılıq ideyasını necə yaşadırsız?
– Azərbaycançılıq, öncə düşüncədə, qəlbdə olmalıdır. Azərbaycançılıq ideyası hər bir soydaşımız üçün milli düşüncənin formalaşmasına və inkişafına yol göstərir. Biz azərbaycançılıq ideyasını praktiki olaraq öz əməllərimizdə, təbliğati işlərimizdə nümayiş etdirməliyik. Xaricdəki həmyerlilərimiz digər soydaşlarımızın istənilən problemlərini həll etmək üçün də çalışmalıdırlar. Biz bir-birimizin bir növ güman yeri olmalıyıq. Soydaşlarımızın hər hansı probleminin aradan qaldırlması üçün əlimizdən gələni etməliyik. Bu baxımdan biz də Qazaxısdanda elə məhz azərbaycaçılıq ideyasına söykənərək həmvətənlərimizə lazımı dəstəyi göstəririk.
– Soydaşlarımıza nə kimi dəstək olursunuz?
– Azərbaycançılıq vətənpərvərlik və təəssübkeşlik deməkdir. Biz həmişə çalışmışıq ki, yaxşılıq edək. Valideynlərimiz bizə belə tərbiyə verib. Çalışmışam həmişə dost qazanım. Burdakı soydaşlarımızın hər bir probleminə yardımçı oluruq. Burada həmyerlilərimizin, əsasən, iş, sənəd, qeydiyyat problemi olur. Bu kimi islərdə soydaşlarımıza dəstək oluruq. Bəzən elə soydaşlarımız olur ki, Rusiyadan Qazaxıstana gəlirlər və buradan onların Azərbaycana göndərilməsinə kömək edirik. Əsas problemlərdən biri də burada hər hansı soydaşımızın dünyasını dəyişəndə olur. Bilirsiniz ki, burada kimsə ölürsə, onun cənazəsini Azərbaycana göndərməyə çalışırıq ki, öz vətənində dəfn olunsun. Bunu etmək nə qədər çətin olsa da, biz öhdəsindən gəlirik. Sağ olsunlar, vətənpərvər soydaşlarımız, həmrəylik göstərib kömək edirlər. Amma, bəzən diaspor üzvləri, bu baxımdan, çox laqeydlik edirlər. Düşünürəm ki, biz azərbaycançılığımızı qoruyaraq həmrəy olmalıyıq.
– Vətənlə əlaqələriniz necədir?
– Azərbaycançılıq həm də vətənə bağlılıq nümunəsidir. Bizim də Vətənlə əlaqələrimiz qırılmaz tellərlə bağlıdır. Mən doğmalarımla, dost-tanışla həmişə əlaqə saxlayıram. Necə deyərlər, bir əlimiz Azərbaycanda, bir əlimizsə Qazaxıstandadır. Ayrıca, tez-tez Vətənə gəlib-gedirik. Mütəmadi olaraq da internetlə ölkəmizdə baş verənləri izləyirik. Vətənimizin sevincinə sevinir, kədərinə kədərlənirik. Yeri gəlmişkən, iyulun 12-də Tovuz rayonunda erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat bizi də üzdü. Ermənistan işğalı möhkəmləndirmək məqsədilə uzun müddətdir təcavüzkar mövqeyini davam etdirir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə, regionda sülhün və sabitliyin təmin edilməsinə mane olmaqdadır. Ermənistan bununla kifayətlənməyib regionda insani dəyərlərə zidd saysız-hesabsız haqsız fəaliyyətinə hər gün yenisini əlavə edir. İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin törətdikləri hadisə bunun bariz nümunəsidir. Fürsətdən istifadə edib bu təxribat zamanı dünyasını dəyişənlərin ailələrinə, eləcə də xalqımıza başsağlığı verir, yaralılarımıza isə Allahdan şəfa diləyirəm.
KONKRET.az
Kəndin adı düzgün qeyd olunmayıb
Mumkunsə düzəliş edərdiz.
Kəndin adı
Sipyəreğon