“Biz əldə etdiyimiz qələbənin qədrini bilməliyik” – Tural Abbaslıbackend

"Biz əldə etdiyimiz qələbənin qədrini bilməliyik" - Tural Abbaslı

“30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın ordumuzun tərəfindən azad edilməsi Azərbaycan üçün asan başa gəlməyib”.

Bunu KONKRET.az-a qələbə ilə bağlı fikirlərini bildirən Ağ Partiyasının sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, yüzlərlə şəhid hesabına və bir o qədər də yaralılarımız, qazilərimiz sayəsində erməni işğalçılarını darmadağın etmişik: “Bu gün Şuşada, Füzulidə, Zəngilanda, Suqovuşanda və digər əzəli, əbədi torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır, dalğalanacaq da. Təbii ki, biz bu uğura görə ilk olaraq Ali Baş Komandana, ordumuza və 44 gün ərzində birlik nümayiş etdirən xalqımıza təşəkkür etməliyik. Bu dövr ərzində siyasi arenanın, cəmiyyətin, medianın vahid mərkəzdə, Qarabağ ideası ilə Ali Baş Komandanın ətrafında sıx birləşməsinin böyük əhəmiyyəti var. Çünki bu gün Paşinyanın ətrafında birlik yoxdur deyə Ermənistan daha da ağır duruma düşüb”.

Tural Abbaslı vurğulayıb ki, biz əldə etdiyimiz qələbənin qədrini bilməliyik: “İqtidar və hakimiyyət olaraq əsgərlərimizin canı və qanı bahasına  döyüş meydanında qazandığı qələbənin dəyirmi masa ətrafında da sənədlər üzərində əksini tapmasına nail olmalıyıq. Düşünürəm ki,  Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz və xalqımız birinci mərhələni uğurla başa vurub. Hazırda top diplomatlarımızın əlindədir. Güman edirəm ki, döyüş meydanında qazandığımız qələbəni dəyirmi masada və diplomatiyamızda da öz əksini tapacaq. Yüz illərdən bəri sürən və haqsız olaraq bizə qarşı istifadə edilən Qarabağ problemini birdəfəlik Azərbaycanın maraqları və ərazi bütövlüyü çərçivəsində həll edəcəyik. Dövlət və xalq olaraq bu şanlı qələbənin qazanılmasında əməyi olan şəhidlərimizə, qazilərimizə və əsgərlərimizə minnətdar olmalıyıq. Hər anda da bunu göstərməyi bacarmalıyıq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*