Almaniyanın xarici işlər naziri Yohann Vadeful BMT-də çıxışı zamanı Rusiyanın Avropada hibrid hücumlarını gücləndirdiyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu fikirləri BMT Baş Assambleyasının iclasında səsləndirib.
Nazir Leypsiq hava limanında baş verdiyi iddia edilən diversiya cəhdini də xatırladıb. Berlin həmin hadisəyə görə Rusiyanı məsul tutub.
“Partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı vasitəsilə iki yük təyyarəsini partlatmağa cəhd edilib”, – deyə Vadefulun sözlərini “Die Welt” nəşri sitat gətirib.
Nazir bildirib ki, Ukraynanı və beynəlxalq hüququ dəstəkləyən ölkələrə qarşı Rusiyanın hibrid hücumları yeni mərhələyə çatıb. Onun sözlərinə görə, bu, Rusiyanın Avropada ehtiyatsız və təhlükəli eskalasiyasının tək nümunəsi deyil.
Rusiya-Ukrayna müharibəsindən danışan Vadeful münaqişənin həlli üçün üç əsas addım təklif edib.
“Birincisi, Qara dənizdən başlayaraq tam və dərhal atəşkəs elan edilməlidir”, – deyə nazir bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Ukraynadan taxılın dəniz yolu ilə daşınmasına mane olur və bununla da dünyada aclıq və məhrumiyyətlərin daha da ağırlaşmasına səbəb olur.
“Gəlin, nəhayət, dağıntı və zorakılıq spiralından çıxaq”, – Vadeful çağırış edib.
İkinci addım kimi nazir hərbi əsirlərin hərtərəfli mübadiləsini vacib hesab etdiyini bildirib.
Üçüncü addım isə beynəlxalq hüquq prinsiplərinə əsaslanan vicdanlı danışıqların aparılmasıdır. Vadefulun fikrincə, bu danışıqlar hərtərəfli, ədalətli və davamlı sülhə yol açmalıdır.
“Ukrayna çoxdan belə danışıqlara hazırdır. Lakin Rusiya bundan imtina etməkdə davam edir və bununla da BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir”, – Almaniya XİN rəhbəri bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
