II yazı
Qınamayın siz Allah, mən də bütün hirsimi, əsəbimi Səyyad Aranın üzərinə yönləndirmişəm. Əslində buna səbəb özüdür. Etdiyi son çıxışında məntiqə sığmayan fikirləridir. Səyyad Aranın “Bəs bizi niyə rayonlara, camaatın içinə göndərirsiniz?” sualı məni o qədər qıcıqlandırdı ki, dedim bunu ayrıca yazım, dünənki mövqeyimdə itib-batmasın. Əslində Aran həzrətləri özü demiş, səlahiyyətim olsaydı, dərhal onu YAP üzvlüyündən azad edər, deputat toxunulmazlığını ləğv edərdim. Çox təəssüf ki, Milli Məcsilin sədri Sahibə Qafarova bunu çağırıb ən azından danlamayıb ki, sən bu çıxışınla millət vəkili funksiyasına münasibətini ortaya qoymusan.

Cənab Aran, sizi rayonlara turist kimi göndərmirlər. Sizi seçicilərlə görüşmək, onların problemini dinləmək və həmin problemləri parlamentdə normal şəkildə qaldırmaq üçün göndərirlər.
“Bizim səlahiyyətimiz yoxdur” deməklə məsuliyyətdən kənara çəkilmək olmaz. Pis qanunlar qəbul edəndə heç səsiniz gəlmirdi! Bankların maraqlarını güdən qanunlar qəbul edəndə heç danışmırdınız? Cərimələrin məbləğini artıranda o məşum düyməni basanda, hansısa reaksiyanızı bildirmirdiniz? Hansını deyim?
Mən başa düşürəm, deputat problemləri qaldıranda sözünə çəki-düzən verir. Elə məsələlər var ki, o problemlərə toxunmaq yasaqdır. Amma gündəmə gəlmək könlünüzdən keçirsə, barı məntiqinizi işə salın. Amma siz xalqın səsini parlamentdə təmsil etməli olduğunuz halda xalqın içinə getməkdən gileylənirsiniz. Halbuki deputatın siyasi legitimliyinin mənbəyi elə həmin seçicilərdir.
Nazirə “camaatın içinə çıxmağa hünərin çatırmı?” deyə sual vermək nə deməkdir?! Sizin məqsədiniz nədir, nazirləri hansı niyyətlə hədəfə alırsınız? Yenə kimisə tapşıra bilmirsiniz, ona görəmi?! Guya siz dediniz, biz avam xalq da inandıq ki, bu nə canıyanan deputatdır belə. Ayə qoymayın, nazirlərin üstünə Səyyad gəlir.
Ay deputat müəllim, nazirləri qınamaqdansa, siz əvvəlcə özünüzdən soruşun: “Mən deputat kimi camaatın içinə çıxmağa niyə narazıyam?”
Siz əslində bu çıxışınızla təmsil etdiyiniz partiyanın nüfuzuna, deputatların cəmiyyətdəki mövqeyinə ciddi zərbə vurursunuz. Siz millət vəkili kimi acizliyinizi qabardırsınız. Nəticə nə oldu?! Heç nə. Problemləri elə şəkildə qaldırdınız ki, heç etməsəydiniz, bundan yaxşı idi. Artıq içi mən qarışıq hamı bildi ki, sizi seçicilərlə görüşə məcburi göndərirlər. Əslində əlinizdə əlac olsaydı, heç vaxt belə görüşlərə getməzdiniz. Çünki bu, sanki sizə kəsilmiş cəzadır.
Amma xalqın içinə getmək deputata verilmiş cəza deyil, deputatlığın özüdür.
Fadil Paşayev,
Əməkdar jurnalist
I yazı
