Beynəlxalq nizamın əsasları ciddi və davamlı çağırışla üz-üzə qalıb. Rusiya prezidenti Vladimir Putin açıq-aşkar təhlükə yaradır.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Corc Vaşinqton Universitetində ABŞ-Çin münasibətləri ilə bağlı çıxışı zamanı deyib.
Blinkenin sözlərinə görə, üç ay əvvəl Ukraynaya tammiqyaslı işğala başlamaqla Putin BMT Nizamnaməsində təsbit edilmiş və bütün ölkələri işğaldan və ya məcburiyyətdən qorumaq üçün nəzərdə tutulmuş suverenlik və ərazi bütövlüyü prinsiplərini pozub.
“Buna görə də bir çox ölkə bu təcavüzə müqavimət göstərmək üçün bir araya gəldi, çünki onlar bunu öz sülh və təhlükəsizliyinin təməllərinə birbaşa hücum kimi görürlər”, – Blinken bildirib.
Dövlət katibi qeyd edib ki, Ukrayna öz xalqını və müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirir və bu məqsədlə ABŞ və dünya ölkələrindən misilsiz yardım alır.
“Müharibə hələ də davam edir, ancaq prezident Putin heç bir strateji məqsədinə nail ola bilməyib. Ukraynanın müstəqilliyini məhv etmək əvəzinə, onu gücləndirib. NATO-nu parçalamaq əvəzinə, birləşdirib. Rusiyanın gücünü artırmaq əvəzinə onu sarsıdıb. Beynəlxalq nizamı qorumaq üçün ölkələri birləşdirib”, – Blinken yekunlaşdırıb.
Roman Göytürk,
KONKRET.az
