Qırğızıstanda qeyri-rəsmi olaraq “xarici agentlər haqqında qanun” adlandırılan “Qeyri-kommersiya təşkilatları haqqında” qanun layihəsi ikinci oxunuşda baxılması üçün Joqorku Keneşin (parlament) komitələrinə geri göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə qərar parlamentin fevralın 14-də keçirilən iclasında yekdilliklə qəbul edilib.
Konstitusiya qanunvericiliyi, hökumət strukturu, məhkəmə-hüquq məsələləri və normativ hüquqi aktlar komitəsinin sədr müavini Çınqız Acıbayev səs-küylü qanunun yenidən baxılmaq üçün geri qaytarılmasını təklif edib.
“Bilirsiniz, biz bu qanun layihəsinə bir neçə dəfə baxmışıq. Deputatlardan təkliflər olub. İndi bizim komitələrdə yenidən diqqətlə nəzərdən keçirmək hüququmuz var. Düşünürəm ki, qanun layihəsinin təşəbbüskarları da xalqın rəyini dinləyəcəklər”, – deyə parlamentin vitse-spikeri bildirib.
Qeyd edək ki, qanun layihəsi qeyri-kommersiya təşkilatlarının məsuliyyətini sərtləşdirmək məqsədi daşıyır.
Etirazlardan sonra qanun layihəsini təqdim edən deputatların bəziləri imzalarını geri götürüblər. Bu ilin yanvarında Joqorku Keneşin müvafiq komitəsi qanun layihəsini iki oxunuşda təsdiqləmişdi. Məhz bundan sonra ABŞ-nin dövlət katibi Entoni Blinken Qırğızıstan prezidentinə xəbərdarıq məktubu göndərmişdi.
Natiq Səlim,
KONKRET.az
