Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma yenidən kəskinləşib.
KONKRET.az xəbər verir ki, Yəmən ordusunun rəsmi nümayəndəsi polkovnik Məcid ən-Nüzeylinin sözlərinə görə, son 24 saat ərzində husilərə qarşı 181 hərbi əməliyyat keçirilib. Əməliyyatlarda PUA-lardan, artilleriyadan və reaktiv yaylım atəşi sistemlərindən istifadə olunub.
Ordunun məlumatına görə, zərbələr nəticəsində husilərin onlarla döyüşçüsü öldürülüb və yaralanıb, hərbi texnika və silah anbarları məhv edilib. Hücumlar müxtəlif təmas xəttlərində həyata keçirilib.
Qarşıdurmanın yenidən intensivləşməsi Yəməndə genişmiqyaslı müharibənin qayıda biləcəyi ilə bağlı narahatlıqları artırıb. BMT də tərəfləri eskalasiyanın qarşısını almağa çağırıb.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq xəbərdarlıq edib ki, ölkə 2022-ci ildə əldə olunan atəşkəsdən bəri ən ciddi şəkildə genişmiqyaslı münaqişəyə qayıtmaq riski ilə üz-üzədir.
Qeyd edək ki, son günlər İranın dəstəklədiyi husilərlə beynəlxalq səviyyədə tanınan, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında bir sıra cəbhələrdə toqquşmalar baş verib. Marib, Hadrəməvt və Moha istiqamətlərində hücumların intensivləşdiyi bildirilir.
ABŞ-ın Associated Press agentliyi də Taiz vilayətində hökumət qüvvələri ilə husilər arasında şiddətli toqquşmaların baş verdiyini və bunun Yəməndə vətəndaş müharibəsinin yenidən alovlanacağı qorxusunu artırdığını yazıb.
Bundan başqa, husilərin Qırmızı dənizdə kommersiya gəmilərinə qarşı hücumları da yenidən artıb. BMT bu vəziyyətin Yəməni daha geniş regional qarşıdurmaya cəlb edə biləcəyindən ehtiyat edir.
Qrundberq tərəfləri hərbi eskalasiyanı dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb. Lakin son günlərdə artan qarşıdurma 2022-ci ildən bəri davam edən kövrək sakitliyin yenidən pozulacağı ehtimalını gücləndirib.
Günay Əli
KONKRET.az
