London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) coğrafiya və ətraf mühit üzrə tədqiqatçısı, eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramında (UNEP) Afrikada suya həssas şəhərsalma üzrə məsləhətçi kimi fəaliyyət göstərən Deen Sharp Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) şəhər problemlərinin qlobal səviyyədə müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, AZƏRTAC-a açıqlamasında WUF kimi forumların müxtəlif regionlardan insanları bir araya gətirməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bir ölkənin təcrübəsini başqa ölkəyə olduğu kimi tətbiq etmək mümkün deyil və bunun üçün uyğunlaşdırma, dialoq və araşdırma vacibdir. Tədqiqatçı şəhərsalma sahəsində alimlərlə siyasətçilər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, iqlim və qida təhlükəsizliyi sahələrindən fərqli olaraq, urbanistika üzrə elmi-siyasi platforma mövcud deyil və bu istiqamətdə yeni mexanizmlərə ehtiyac var.
Deen Sharp Bakının ictimai məkanlarını yüksək qiymətləndirərək şəhərin bu sahədə nümunə olduğunu deyib: “Bu məkanlar yaxşı qorunur, uşaqlar üçün əlverişlidir və əlçatanlıq baxımından yaxşı planlaşdırılıb. Bakı ictimai məkanların necə olmasına dair çox yaxşı nümunədir”. Deen Sharp “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə bağlı da fikirlərini bölüşərək bildirib ki, texnologiya yalnız insanların həyatını yaxşılaşdırdığı halda dəyərlidir. O vurğulayıb ki, “ağıllı şəhər”lər insanmərkəzli və iqtisadi baxımdan səmərəli olmalıdır: “Əksər hallarda böyükmiqyaslı texnologiyaların çox böyük xərclərlə tətbiq edildiyini görürük və əldə olunan səmərəlilik, əslində, vergi ödəyicilərinin pulları baxımından yaxşı dəyər ortaya qoymur. Buna görə düşünürəm ki, Azərbaycan “ağıllı şəhər”lərin həm xərc baxımından səmərəli, həm də insanmərkəzli şəkildə həyata keçirilə biləcəyini nümayiş etdirmək baxımından çox yaxşı rol oynaya bilər”.
