“Bu addım həm daxili, həm də xarici turizmə müsbət təsir göstərə bilər” – EKSPERTDƏN TƏKLİFbackend

"Bu addım həm daxili, həm də xarici turizmə müsbət təsir göstərə bilər" - EKSPERTDƏN TƏKLİF

Pandemiyanın yaratdığı fəsadlar, quru sərhədlərinin bağlı olması ölkənin turizm sektorunu əməlli-başlı çətin vəziyyətə salıb. Artıq bəzi ekspertlər də bildirirlər ki, mövcud problemlər tezliklə həllini tapmasa, Azərbaycanın turizm sektoru iflasa uğraya bilər. Təəssüflər olsun ki, Turizm Agentliyi də bu məsələdə adekvat fəaliyyət nümayiş etdirmir. Hökumətə quru sərhədlərinin açılması, turizmin canlandırılması üçün tədbirlərin görülməsi ilə bağlı təkliflər vermir. Yalnız kiçik turizm sərgilər keçirmək, daxili turlar təşkil etməklə işini bitmiş sayır. Bəs görəsən, hazırki şəraitdə ölkənin turizm sektorunda vəziyyət necədir? Karantinin uzadılması və sərhədlərin açılmaması turizm sektoruna nə kimi mənfi təsirlər edir? 

Mövzunu KONKRET.az-a şərh edən turizm eksperti Ceyhun Aşurov bildirib ki, pandemiyadan sonrakı dövrdə turizm sektoru təxminən 50 faiz bərpa olunub: “Dünyada isə bu proses 60 faizin üzərindədir. Dünya turizm ekspertləri hesab edirlər ki, 2023-cü il daha müsbət tendensiyalarla yadda qalacaq və sözügedən sektor təxminən 80-90 faiz bərpa olunacaq. Düşünürəm ki, Azərbaycan da turizm sektorunun bərpasından öz payını ala biləcək. Qeyd edim ki, 2022-ci ildə Azərbaycana 1,6 milyon əcnəbi vətəndaş gəlib. Bu, 2019-cu illə müqayisədə həmin rəqəmin təxminən 50 faizinə bərabərdir. Bundan başqa daha çox turist qəbul edən ölkələrə nəzər salsaq, siyahıda məhdudiyyətləri aradan qaldıran ölkələri görə bilərik. Həmin ölkələr istər viza, istər sərhədlər, istərsə də hava yolları baxımından dünya turistlərinin üzünə daha açıqdırlar. Biz nəzərə almalıyıq ki, ölkədə quru sərhədləri hələ də qapalıdır. Üstəlik, karantin dövrü daha üç ay uzadılıb. Bütün bunlar onu deməyə əsas verir ki, sözügedən qərarlar ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərəcək”.

Bu il azərbaycanlılar harada dincəlmək İSTƏYİR?

Ekspert əlavə edib ki, 2019-cu ilin statistikasına görə, hər 10 əcnəbidən 7-si məhz bizim sərhəd olduğumuz qonşu ölkələrdən Azərbaycana gəliblər: “Deməli, sərhədin qapalı olmasının turizm sektoruna nə qədər təsir etdiyini rəqəmlərdən görmək mümkündür. Doğrudur, hava məkanımız açıqdır. Amma bu yolla ölkəyə gələn turistlər xeyli vəsait itirirlər və onlar üçün sərfəli deyil. Araşdırmalara görə, Azərbaycana gələn vətəndaşların böyük əksəriyyəti Bakı Hava Limanı ilə uçuşlar həyata keçirirlər. Ümumi dövriyənin 97 faizi Bakı Hava Limanının payına düşür. Lakin bizim bundan başqa Beynəlxalq Hava Limanı statusunda olan 6 aeroportumuz var. Amma onların fəaliyyəti səmərəli deyil. Təbii ki, bu hava limanlarının fəaliyyətini daha səmərəli etmək, regiondakı aeroportların gəlirli və aktiv işləməsi, turizmi dəstəkləməsi üçün oraya ucuz hava daşıyıcıları gətirmək çox vacibdir. Biz düşünürük ki, bu addım həm daxili, həm də xarici turizmə öz müsbət təsirini göstərə bilər. Çünki turizm paketlərində əsas xərclər hissəsini məhz nəqliyyat sahəsi tutur. Odur ki, ölkəyə gəlmək xərcləri nə qədər aşağı olarsa, bu, daha çox turistin Azərbaycana daxil olmasına şərait yaradar”.

Ceyhun Aşurovun sözlərinə görə, ölkədən gedən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti (90 faizə qədəri) quru sərhədlərimiz olan qonşu ölkələrə üz tutur: “Bu insanlar sadəcə turistik məqsədlərlə yox, həm də digər üçüncü ölkələrə daha ucuz hava nəqliyyatından yararlanaraq keçmək üçün gedirlər. Düşünürəm ki, regionlarda olan hava limanlarımız səmərəli şəkildə işləyərsə, biz öz vətəndaşlarımızın daha çox səyahət edərək bölgələrdəki hava limanlarından uçuşlar həyata keçirməsinə nail ola bilərik. Təbii ki, karantinin uzadılmasının və ya sərhədlərin bağlı saxlanmasının müəyyən siyasi səbəbləri də var. Amma reallıq odur ki, biz maksimum dərəcədə mümkün olan bütün məhdudiyyətləri aradan qaldırmalıyıq. Ölkəyə xarici turist cəlb etmək üçün prosesləri asanlaşdırmalıyıq. Bu proseslər maksimum dərəcədə səmərəli təşkil olunmalıdır. Eyni zamanda yumşalmalar mərhələli şəkildə davam etdirilməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*