Bu evlər risk altındadır – Sakinlərə pul veriləcək?backend

Bu evlər risk altındadır – Sakinlərə pul veriləcək?

Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonu Qobustan qəsəbəsində torpaq qatı çöküb. Xilasedicilərin keçirdiyi əməliyyat nəticəsində torpaq qatı altından bir nəfər (kişi) xilas edilib, digər şəxsin (kişi) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Torpaq sürüşməsinin səbəbi nədir? Belə yerlərdə ev, obyekt tikmək olarmı? Hadisə ilə bağlı şəxslərə hansı qurum kompensasiya ödəməlidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, torpaqların təyinatına uyğun istifadəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir:

“Eyni zamanda, Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması işləri aparılır və müəyyən olunmuş ərazilərdə yalnız qanunla nəzərdə tutulmuş və ya icazə verilmiş sahələrdə tikinti işlərinin aparılmasına yol verilir. Burada, sözsüz ki, tikilinin təyinatı da nəzərə alınır. Əraziyə nəzarəti yerli icra hakimiyyətləri və bələdiyyə strukturları həyata keçirir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi nəzdində fəaliyyət göstərən Tikintiyə Nəzarət Dövlət Agentliyi də bu prosesdə iştirak edir. Əslində, sürüşmə zonaları xüsusi qeydiyyata alınmış torpaq sahələridir. Hər bir icra hakimiyyəti öz ərazisində bu kimi zonaları qeydiyyata alır”.

Ekspert qeyd edib ki, vətəndaşlar tikinti aparmaq üçün müvafiq icazələri almaq məqsədilə yerli icra hakimiyyətlərinə və memarlıq qurumlarına müraciət etməlidirlər:

“İlkin sənədlər düzgün qaydada hazırlanmalıdır. Torpaq mülkiyyətdə və ya istifadədə olmalı, həmçinin qanunla icazə verilmiş yaşayış məntəqələrinə aid edilməlidir. Bundan sonra vətəndaş layihə və smeta təşkilatlarına müraciət edir və həmin qurumlar torpaq sahəsinə uyğun layihə hazırlayır. Əgər fərdi yaşayış evindən söhbət gedirsə, hündürlüyü 12 metrədək olan evlərin tikintisinə icazə verilir. Layihə sənədləri aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndikdən sonra yerli icra hakimiyyəti və memarlıq orqanlarının razılığı ilə tikintiyə icazə verilir. Güman olunur ki, belə hallarda tikinti işləri qanunsuz aparılıb və nəticədə hadisə baş verib. Bununla yanaşı, istisna hallar da mümkündür. Bəzi ərazilərdə relyefə görə zamanla torpağın yuyulması, texnogen təsirlər və ya seysmik hərəkətlər nəticəsində sürüşmələr baş verə bilər”.

Elnur Azadov əlavə edib ki, hadisə qanunsuz tikilidə baş veribsə, kompensasiya ödənilməsi nəzərdə tutulmur:

“Lakin bəzi istisna hallarda aidiyyəti dövlət qurumları qərar qəbul edə bilər. Məsələn, kommunikasiya xətləri üzərində qanunsuz tikili varsa və onun təcili sökülməsi tələb olunursa, müəyyən kateqoriyadan olan vətəndaşlara kompensasiya verilib-verilməməsi ilə bağlı qərar qəbul olunması mümkündür”.

Qeyd edək ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*