Bu gün 65 yaşı tamam olan Milli Qəhrəmanın həyat yolu – VİDEObackend

Bu gün 65 yaşı tamam olan Milli Qəhrəmanın həyat yolu - VİDEO

Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəziyan kəndində doğulub. Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra hərbi xidmətə gedib, bir neçə dəfə Sovet Ordusunun sərbəst güləş üzrə çempionu olub. Bir müddət Saransk Universitetində müəllimlik etdikdən sonra doğma rayona qayıdıb Dondarlı, Qubadlı orta məktəblərində bədən tərbiyəsi müəllimi, “Məhsul” kənd könüllü idman cəmiyyətində məşqçi, sonra sədr işləyib. Üç övlad atası idi. Güləş məktəbi açmışdı, uşaqları yarışlara hazırlayırdı. Respublika və ümumittifaq yarışlarında həmişə Əliyarın yetirmələri ən güclü, ən texnikalı idmançılardan sayılırdı. Yetirmələri arasında 8 respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var. Sevimli yetirməsi Heydər Məmmədəliyev sərbəst güləş üzrə dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş medalçısı olub və indi Rusiyada tanınmış məşqçidir. Əliyarın özü də yarışlardan həmişə uğurla qayıdırdı. Dəfələrlə müxtəlif idman yarışlarının çempionu, mütləq çempionu, ən güclü iştirakçısı, ən texnikalı güləşçisi kimi geri qayıtmışdı. Respublika əhəmiyyətli bir çox yarışların hakimi, baş hakimi təyin olunurdu, obyektivliyi, vicdanlılığı ilə iştirakçı və tamaşaçıların rəğbətini qazanırdı. Respublikamızda milli idman oyunlarının ən fəal təşkilatçılarından, təşəbbüskarlarından idi. Mingəçevir şəhərində keçirilmiş I respublika milli idman oyunlarında Əliyar həm ən fəal iştirakçı, həm hakim, həm yarışların mütləq çempionu kimi uzun müddət həmin yarışların seyrçilərinin yaddaşından silinməyəcək. Özündən 50-60 kq ağır güləşçilərin kürəyini yerə vururdu, qara zurnanın zil sədaları altında “Cəngi” oynayırdı, adlı-sanlı pəhləvanların cəsarət etmədiyi nömrələr göstərirdi. Bu, I Qarabağ davası başlanana qədərki həyatı idi.

Qubadlının Ermənistan və Qarabağla 132 km-lik sərhəddi boyunca erməni hücumları başlanandan Əliyar öndə idi, yerli özünümüdafiə dəstələrinə başçılıq edirdi. Döyüşlərindən bəzi epizodları xatırladaq.

1992-ci ilin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, həm strateji yüksəklikləri ələ keçirmək, həm də bu qisası almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə bir neçəsi də goruslu yerli erməni olan 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ “Niva”lı Karlenin (cəsədi elə uzun idi ki, bortlu UAZ-dan bayıra çıxmışdı) və silahdaşlarının meyidi iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirildi.

Gorusun Şurnuxu kəndində yerləşən qərargahın dağıdılıb 26 rus-erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı video-lentdən kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Ancaq o gün Qubadlıda yaşananlar, müdafiə və daxili işlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları göstərirdi…

General-leytenant Qraç Amayakoviç Andresyan 1981-84-cü illərdə Şimali Qafqaz Hərbi Dairəsi Komandanının 1-ci müavini – Qərargah rəsi, ondan əvvəl isə Varşava Müqaviləsi İştirakçısı Dövlətlərin Silahlı Qüvvələrinin Çexoslaviyadakı rəsmi təmsilçisi olub, Krasnodarda doğulub böyüsə də, könüllü Dağlıq Qarabağa gəlmişdi. Ermənistan Müdafiə nazirinin hərbi əməliyyatlar üzrə birinci müavni təyin olunmuş, Şuşa, Laçının işğal planını hazırlayıb icra etmişdi. 1992-ci ilin 24 iyununda, saat 16 radələrində olmuş bu hadisəni onunla birlikdə vertolyotda olan Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat idarəsinin rəisi, müdafiə nazirinin müşaviri polkovnik Иван Гukasov illər sonra 27.01.2010-ci ildə ermənilərin rus dilində “yerkramas.org/ru” saytındakı məqaləsində olduğu kimi yazır:

“…Днем 24 июня на вертолете МИ-8 в сопровождении двух вертолетов МИ-24 генерал Г.А.Андресян и я вылетели из Еревана в Степанакерт для организации и проведения контрнаступления. За штурвалом вертолета МИ-8 был летчик первого класса подполковник Б.Е.Хачатуров, рядом с ним в кабине – полковник А.С.Абрамян, командующий Военно-Воздушными силами ВС РА. Два вертолета МИ-24 поочередно были подбиты в воздушном пространстве Кубатлинского района и совершили вынужденную посадку вблизи села Джиджимли. По команде генерала Г.А. Андресяна МИ-8 подлетал к каждому из сбитых вертолетов, совершал посадку и забирал на свой борт экипажи. Вертолет с 16 пробоинами приземлился в аэропорту Гориса…”

Əliyarın batalyonunun dağ-daşlarda ayıq-sayıq dayanmış döyüşçülərinin yaxın məsafədən açdığı sərrast atəşlərlə həmin Mİ-24-ün biri Bərguşad çayının sahilindəki çaylağa düşüb yandı, “cəsədini” gətirib RTS-in qarşısında daş hasar üstünə qaldırıb qoymuşduq, Əliyara həsr etdiyim “Dağlar oğlu” kitabımda şəklin vermişəm. Biri Teymur Müskanlıda düz kəndin içində yerə dəyib tüstülənməyə başlayanda tez söndürdük, içindən 4-5 metr dik yuxarı qalxan göy alov dilimi indi də gözümün qabağındadır, həmin vertolyot kiçik təmirdən sonra rayonun başı üstündə dövrə vurub Azərbaycan Hava Qüvvələrinin Zabratdakı limanına aparıldı, ad da qoymuşdular: “armyaşka”. Vurulub yerə salınmış ekipajı götürüb geri dönmək istəyən üçüncü Mİ-8 geri qayıdarkən vuruldu, tüstülənərək yerə enməyə macal tapdı. Q.Andresyan və digərləri həmin vertolyotdan yaralı halda qurtuldu. O vaxtkı silah-sursatların yalnız bu qədərinə gücü yetirdi. Bu, Azərbaycanın I Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biriydi. Bu barədə AzərTAc-ın hərbi müxbiri olaraq verdiyim informasiyanı radio-televiziyalar oxudu, qəzetlər yaydı.

Topağac-Başarat yüksəkliyi uğrunda, Seytas kəndi yaxınlığında, Yazı düzündə qabaq-qənşər döyüşdə də erməni ağır itkilər vermişdi. 3 “T-72”, 1 ”PDM”-i qənimət alınmışdı. Erməni bu idi-qabaq-qənşər döyüşdə həmişə belə rəzil günə qalırdı.

1992-ci il sentyabrın 30-u idi. Əliyarın günlərdir səbirsizliklə gözlədiyi gün gəlmişdi, Laçın rayonunun azad edilməsi əməliyyatına başlanmışdı. Əliyarın dəstəsi yüngül silahlanaraq Laçına doğru hərəkət edirdi, gözlənilməz qəfil zərbələrlə düşmənin dalbadal möhkəmlənmiş postları darmadağın olurdu. Ağır itki verən düşmən cəsarətli partizan dəstəsinin qarşısında qorxu və vahiməyə düşüb qaçmağa üz qoydu. Xeyli döyüş sursatı, texnikası əldə edildi. Dəstə irəliləməkdə idi. Artıq üçüncü gün idi. 20-dən çox azad edilmiş kənd, Susuzdağ, Suarası yüksəklikləri geridə qalmışdı. Şimal tərəfdən, Kəlbəcərdən Laçına yaxınlaşmaqda olan hissələrin ratsiya ilə danışıqlarını tuta bilirdilər. Ermənilər bu qorxunc dəstənin cəsarəti qarşısında çaşbaş qalmışdı.

Budur, Laçın şəhərinin cənub istiqamətində Turşsu bulağının başı üzərindəki Qanlı zəmi – Şurum təpəsinə çatmağa az qalıb. Dəstə yorulub. Ancaq heç kəs yorğunluğunu boynuna almaq istəmir. Komandir isə UAZ markalı maşınla irəliləməkdə davam edir. Buradan o yana kəsə yolla ancaq piyada qalxmaq mümkündür. Əliyar həmişəki kimi öndədir, bir azdan qarşıdakı hündürlükdən neçə vaxtdır əlçatmaz arzuya dönmüş Laçın şəhəri görünəcək.

Qəfil sürəkli atəş səsləri hamının içini yandırıb dağlayır…3 oktyabr 1992-ci il saat 16.00 idi. Əliyarla birlikdə onu bir an da olsa tək buraxmayan sədaqətli sürücüsü, həmkəndlisi Əlisadət də qanına bələnmişdi. Acı xəbərdən bütün respublika yasa bürünmüşdü.

35 yaşında Şəhid oldu. İndi 65 yaşı tamam olur. İkinci ildir Əliyarların Şəhid ruhu uyuyan Qubadlı torpağı, qanı torpağına hopan Laçın elləri artıq Azərbaycana qovuşub, yağı düşmənin girovluğundan qurtulub, Əliyarın ruhu da dincəlib.

9 aprel 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Füzuli rayonunda səngərdə döyüşçülərlə görüşərkən öyrənir ki, Milli Qəhrəman Əliyer Əliyevin üç övladı, həyat yoldaşı ağır şəraitdə yaşayırlar, ailənin mənzili yoxdur, dərhal göstəriş verir, qəhrəmanın adını daşıyan küçədə onlara 3 otaqlı ev verilir.

44 gün davam edən qalibiyyətli Vətən müharibəsində Əliyar Əliyevin Qubadlıda komandiri olduğu batalyonda sıravi əsgərdən korpus komandirliyinə qədər şərəfli döyüş yolu keçmiş bir yetirməsi xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsinə, digəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, savaşın önündə gedən onlarla yetirməsi Şəhid, Qazi olublar, orden, medallarla təltif ediliblər və bu gün də vətənin sərhədlərində ayıq-sayıq dayanıblar.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun təşəbbüsü ilə 28 illlik işğaldan azad edilən Qubadlıda görülən ilk işlərdən biri ilk sırada Əliyar olmaqla, bütün Milli Qəhrəmanların və şəhidlərin Qubadlıdakı məzarlarının yenidən bərpası, təzə sinə, başdaşıların qoyulması olub. Xalq qəhrəmanları Qaçaq Nəbi ilə Qoçaq Həcərin də Aşağı Mollu kəndindəki Həcər xanımın məzarı üstündə abidə kompleksi ucaldılıb. Əliyarın oğlu, II Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Ali Baş Komandanın təltiflərinə layiq görülmüş mayor Emin Əliyev Qubadlı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib. Bakıd və Sumqayıtda Əliyarın adını daşıyan küçələrdəki barelyefi ziyarətgaha çevrilib, haqqında sənədli filmlər çəkilib, kitab yazılıb, ən başlıcası Əliyar adı igidlik, qəhrəmanlıq, yurdsevərlik, Şəhidlik rəmzi kimi əbədi olaraq xalqın yaddaşına köçüb. Əliyar 100 yaşında belə ölümsüz olacaqdır!

Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*