Bu tikinti materialları sağlamlığınıza təhlükə yaradır – XƏBƏRDARLIQbackend

Bu tikinti materialları sağlamlığınıza təhlükə yaradır - XƏBƏRDARLIQ

İnşaat və təmir sektorunda istifadə olunan bəzi materiallar uzun illərdir ki, insan sağlamlığı üçün ciddi risk mənbəyi kimi qiymətləndirilir. Xüsusilə, tərkibində zərərli kimyəvi maddələr olan tikinti materiallarının geniş yayılması bu sahədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. Bəs hansı materiallar daha təhlükəlidir və onların insan orqanizminə təsiri nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, tikinti sektorunda istifadə olunan bəzi materiallar artıq beynəlxalq səviyyədə təhlükəli hesab olunur:

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

Onun sözlərinə görə, xüsusilə şifer (asbest tərkibli materiallar) və formaldehid insan sağlamlığı üçün ciddi risk yaradır:

“Şifer və formaldehid artıq beynəlxalq səviyyədə zərərli materiallar kimi təsdiq olunub. Bu maddələr uzunmüddətli təsir zamanı onkoloji xəstəliklərə səbəb yarada bilər. Şifer Azərbaycanda artıq qadağan olunub – həm istehsalı, həm də satışı dayandırılıb. Əvvəllər əsasən borularda və dam örtüklərində istifadə olunurdu. Bəzi hallarda qızdırıcı cihazlar və elektronika istehsalında da tətbiq edilirdi. Açıq mühitdə istifadə olunduğu üçün təsiri nisbətən az hiss duyulurdu”.

Ekspert vurğulayıb ki, formaldehid isə daha təhlükəli hesab olunur, çünki qapalı məkanlarda istifadə edilir:

“Formaldehid əsasən daxili interyer materiallarında istifadəyə yararlıdır. Bu maddə xüsusilə mebel istehsalında geniş yayılıb – demək olar ki, mebellərin 90 faizində rast gəlinir. Bundan əlavə, laminat döşəmələrdə də istifadə edilir. Qapalı mühitdə bu maddə havaya qarışaraq insan orqanizminə daha ciddi təsir göstərir. Uzun müddət təsir etdikdə tənəffüs problemləri, allergik reaksiyalar və hətta xərçəng riski yarada bilər”.

Mütəxəssis vətəndaşlara tövsiyə edir ki, tikinti və təmir zamanı istifadə olunan materialların tərkibinə diqqət yetirsinlər, sertifikatlı və ekoloji cəhətdən təhlükəsiz məhsullara üstünlük versinlər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*