Bakıda son illər hündürmərtəbəli yaşayış binalarının sayı sürətlə artsa da, şəhərsalma baxımından bunun gələcəkdə məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, paytaxtın bəzi ərazilərində 7–9 mərtəbəli tikililərə üstünlük verilməsinin daha məqsədəuyğun olduğu bildirilir.
Bəs gələcəkdə Bakıda bütün yaşayış binalarının yalnız 7–9 mərtəbəli tikilməsi ilə bağlı qərar qəbul edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, müəyyən dövrlərdə 5–9 mərtəbədən yuxarı yaşayış binalarının tikintisinə icazə verilməməsi ilə bağlı fikirlər səsləndirilib. Lakin onun sözlərinə görə, hazırda tikinti prosesi mövcud şəhərsalma qanunvericiliyi və dövlət tikinti normaları əsasında tənzimlənir.

“Yaşayış binalarının mərtəbə sayı ərazinin relyefi, sıxlıq əmsalı və digər texniki göstəricilər nəzərə alınaraq müvafiq dövlət qurumları tərəfindən müəyyənləşdirilir.
Bu məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qiymətləndirilir və qərarlar da həmin meyarlar əsasında qəbul olunur. Gələcəkdə belə bir qərarın olub-olmayacağı barədə konkret fikir söyləmək çətindir. Dövlət tərəfindən bu istiqamətdə qərar qəbul edilə bilər”.
Ramil Osmanlı hesab edir ki, gələcəkdə maksimum mərtəbə sayı ilə bağlı sərt məhdudiyyətlərin tətbiqi ciddi dəyişiklik yaratmayacaq.
“Bəzi ərazilərdə aşağı mərtəbəli tikintiyə üstünlük verilməsi şəhərsalma nizamının qorunması baxımından daha məqsədəuyğundur. Xüsusilə yeni salınan yaşayış massivləri və alternativ şəhərsalma zonalarında bu yanaşmanın tətbiqi faydalı hesab edilir.
Məsələn, Ağ Şəhər kimi ərazilərdə və ya buna bənzər digər zonalarda gələcəkdə belə proqramların həyata keçirilməsi daha uyğun hesab olunur.
Bakının inkişafı daha çox paytaxtın mərkəzindən kənara doğru genişlənməlidir. Bu yanaşma Bakı şəhərinin Baş Planında da konseptual şəkildə öz əksini tapıb”.
Ekspert bəzi ərazilərdə çoxmərtəbəli binaların tikilməsini uyğun hesab etmədiyini də vurğulayıb:
“Hər bir halda Bakının bəzi ərazilərində çox yüksək mərtəbəli binaların tikilməsi yolverilməzdir. Amma elə ərazilər də var ki, orada şəhərciklər salmaq və relyefə uyğun şəkildə hündürmərtəbəli binalar inşa etmək mümkündür. Əsas məsələ odur ki, bu tikililər ümumi şəhərsalma planını pozmasın”.
Aynurə İsmayıl
KONKRET.az
