Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb.
Əks halda, Cənubi Koreyanın Ukraynaya qarşı “müvafiq tədbirlər” görə biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Li Çje Myon (fotoda) “X” sosial şəbəkəsində yazıb ki, Kiyev Seulu “yalançı” vəziyyətinə salır. Onun sözlərinə görə, məsələ “Koreya xalqının və dövlətinin şərəfi” ilə bağlıdır.
Bundan bir neçə saat əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Cənubi Koreya ilə yaranmış “diplomatik anlaşılmazlığın” mümkün qədər tez həllində maraqlı olduğunu açıqlayıb. Sibiqanın sözlərinə görə, Kiyev Seulla yaranmış fikir ayrılığının nizamlanması istiqamətində iş aparır.
Sentyabr ayında Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasındakı çıxışı zamanı Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində gedən döyüşlər zamanı əsir götürdüyü iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya təhvil verildiyini açıqlayıb.
Li Çje Myon bu addıma görə Ukraynanı kəskin tənqid edib. Cənubi Koreya prezidentinin sözlərinə görə, Kiyev və Seul bu məlumatı yaymamaq barədə razılığa gəliblər. Məqsəd Şimali Koreyada yaşayan əsirlərin yaxınlarının təhlükəsizliyini riskə atmamaq olub.
Lakin Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi belə bir razılaşmanın olmadığını bildirib.
Bundan sonra Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukraynanın Seuldakı səfirini çağıraraq məsələ ilə bağlı izahat tələb edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
