Çinin avtomobil sənayesində sürətlə inkişaf etməsi və dünya bazarında mövqelərini gücləndirməsi Avropa və Yaponiya istehsalçıları üçün rəqabəti daha da kəskinləşdirib. Çin avtomobillərinin beynəlxalq bazarlarda geniş yayılması ənənəvi avtomobil istehsalçılarının gələcək perspektivləri ilə bağlı müzakirələri də artırıb. Bu proses yaxın illərdə Avropanın tanınmış avtomobil markalarının bazardakı mövqelərinə necə təsir göstərəcək? Çin istehsalçıları ənənəvi avtomobil nəhənglərini sıxışdıraraq onların bazardan çəkilməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, son iki ildə Çin avtomobillərinin sürətli inkişafı və dünya bazarında mövqelərini möhkəmləndirməsi fonunda Avropa istehsalçılarının sıxışdırılacağı ilə bağlı çoxsaylı müzakirələr aparılır. Lakin onun fikrincə, Avropa və Yaponiya avtomobil sənayesinin uzun illərə söykənən təcrübəsi, formalaşmış istehsal strukturu və keyfiyyət ənənələri bu şirkətlərin bazardan asanlıqla çıxmasını çətinləşdirir.

“ Çin avtomobillərinin rəqabət təzyiqi daha çox Avropa və Yaponiya istehsalçılarına təsir göstərir. ABŞ isə daxili avtomobil sənayesini qorumaq üçün müxtəlif mexanizmlərdən istifadə edir.
Avropa avtomobil sənayesində zəif mövqeyə malik bəzi markalar rəqabətə tab gətirməyərək bazardan çəkilmək məcburiyyətində qala bilər. Bununla belə, dünyada tanınan və geniş müştəri kütləsinə malik avtomobil markaları mövcud rəqabət şəraitinə uyğunlaşaraq fəaliyyətlərini davam etdirmək üçün yollar tapacaqlar”.
Onun sözlərinə görə, yaxın illərdə Çin avtomobillərinin Avropa bazarına çıxışına müəyyən məhdudiyyətlərin tətbiqi və ya yeni standartların müəyyənləşdirilməsi də mümkündür. Belə tənzimləyici mexanizmlər qüvvəyə minərsə, Çin istehsalçılarının Avropa bazarında fəaliyyət göstərməsi müəyyən çətinliklərlə üzləşə bilər.
Assosiasiya sədri hazırkı vəziyyətdə Avropa istehsalçılarının da Çin bazarına avtomobil satdığını, Çin şirkətlərinin isə öz növbəsində dünya bazarına fəal şəkildə çıxdığını vurğulayıb. Onun fikrincə, mövcud mənzərə avtomobil sənayesində rəqabətin qarşılıqlı xarakter daşıdığını göstərir.
Beləliklə, Çin avtomobillərinin sürətli inkişafı ənənəvi istehsalçılar üçün ciddi rəqabət mühiti yaratsa da, uzun illər ərzində formalaşmış təcrübə, keyfiyyət və brend amilləri Avropa və Yaponiya şirkətlərinin gələcək mövqelərində mühüm rol oynamaqda davam edir.
Aynurə İsmayıl
KONKRET.az
