Çində təhsil alan azərbaycanlı tələbə: “Maska çatışmır, 6 dənəsi 170 manatdır” – FOTObackend

Çində təhsil alan azərbaycanlı tələbə: "Maska çatışmır, 6 dənəsi 170 manatdır" - FOTO

“Birinci semestr bitdikdən sonra qış tətili üçün yanvar ayının 15-i Bakıya gəlmişik. Bura gələndə Çində hər şey qaydasında idi. Virus barədə xəbərləri görürdük, amma vəziyyət bu dərəcədə ciddi deyildi. Hələ karantin elan olunmamışdı, hər kəs maskasız gəzirdi. Buna görə də rahat şəkildə Bakıya gəldik”.

KONKRET.AZ bildirir ki, bu sözləri Hefey şəhərində yerləşən universitetdə (University of Science and Technology of China) magistr üzrə təhsil alan tələbə Ülkər Eldarqızı “milli.az”ın müxbiri ilə Çində yayılan yeni növ koronavirusun onun təhsilinə təsiri barəsində danışarkən söyləyib.

“USTC-nın 2-ci kurs tələbəsiyəm. Yaşadığım yer virusun yayıldığı Vuhan şəhərindən xeyli uzaqdır. Mən bura gələndən bir-iki gün sonra Çində vəziyyət xeyli dəyişdi. Həm burada xəbərlərdə gördüm, həm də oradakı tanışlardan virusun ciddi problemlər yaratdığını eşitdim.

Biz fevral ayının 15-i universitetə qayıtmalıydıq. Amma universitetdən mesaj yazıb yaz semestrinin başlama vaxtının bir müddətlik təxirə salındığını bildiriblər. Yeni dərs rübünün başlama tarixi epidemiyanın gedişatından asılı olaraq təyin olunacaq. Bu vaxta qədər universitetə gəlməməyimiz tövsiyə edilib.

Mənim bir neçə qrup yoldaşım var ki, onlar tətil üçün öz ölkələrinə qayıtmayıblar. Hazırda onlar yataqxanada qalırlar. Onlara evdən çıxmamaq məsləhət görülür, çünki aeroport, metrostansiyalar, alış-veriş mərkəzləri və başqa yerlərdə virusa yoluxma riski yüksəkdir.

Mən özüm Çinə qayıtmaq istəyirəm. Qorxmuram. Qısa zamanda problemin həll olunacağına və hər şeyin qaydasına düşəcəyinə ümidliyəm.

Gündəlik olaraq orada yaşayan qrup yoldaşlarımla əlaqə saxlayıram. Çox da narahat deyillər. Hefey şəhərində də 20 nəfərdə bu xəstəlik tapılıb. Evdə qaldığın müddətdə bu xəstəliyə yoluxma ehtimalı yoxdur. Bütün restoranlar, kafelər, alış-veriş mərkəzləri bağlanıb. Evdə tək qalıb, hər hansı məşğuliyyət olmadığı üçün, əsasən, darıxırlar. Həm də bir-biri ilə görüşməyə də ehtiyat edirlər ki, kimsə daşıyıcı ola bilər.

Apteklərdə maska tapılmır. N95 maskasının qiyməti olduqca bahadır. O gün tanışım 6 ədəd maskanı 170 manata alıb. Normalda həmin maska 5 manata satılırdı.

Ailə üzvlərim, təbii olaraq, mənə görə çox narahatdırlar. Vaxtında qayıtdığım üçün sevinirlər. Təhlükəli olduğuna görə yenidən Çinə getməyimi istəmirlər. Bütün qohumlar, dost-tanışlar, qonşular valideynlərimə zəng edib mənim gəlib-gəlmədiyimi soruşurlar. Onlar anamı tənbehləyirlər ki, məni qayıtmağa qoymasın”.

Qeyd edək ki, son günlər yayılan koronavirus səbəbindən ölənlərin sayı 132-yə çatıb. Xəstəliyə 5974-dən çox insan yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*