“İki tükənmiş ordu Ukraynanın şərqində hələ də bir-birinə həlledici zərbə endirə bilmir”.
KONKRET.az xəbər verir ki, bu barədə “CNN” dərc edilən məqalədə deyilir. Belə ki, Amerikanın CNN telekanalı Ukraynanın şərqindəki vəziyyəti təhlil edib və gələcək hadisələr haqda proqnoz verib. Material “İki tükənmiş ordu Ukraynanın şərqi uğrunda vuruşur” başlığı ilə hazırlanıb.
Materialın müəllifi hesab edir ki, Rusiya ordusu növbəti hücum əməliyyatlarına qədər güc toplamaq və hərbi logistikanı bərpa etmək üçün imkan qazanıb. Çox güman ki, Donetsk istiqamətində də, Rusiya Silahlı Qüvvələri Severodonetsk və Luqanskın ələ keçirilməsində istifadə olunan taktikanı işə salacaq. Amerikalı ekspert hesab edir ki, Moskvanın növbəti hədəfləri Donetsk vilayətinin şimalındakı Slavyansk və Kramatorsk olacaq. Həmçinin Donbasa tam nəzarət edilməsi uğrunda mübarizə gedəcək.
Müəllifin fikrincə, NATO ölkələrinin Kiyevə davam edən hərbi yardımına baxmayaraq, Ukrayna ordusunda maddi-texniki təchizatla bağlı ciddi problemlər var. Qərb silahlarını cəbhəyə çatdırmaq çətindir və hətta orada olanlarla rəftar etmək üçün Ukrayna hərbçilərinə xüsusi təlim keçmək lazımdır. Kiyevin yaxın gələcəkdə üzləşəcəyi növbəti problem Qərbin yardımının zəifləməsi olacaq. Buna səbəb kimi Avropa İttifaqı ölkələrində və ABŞ-da artan iqtisadi böhran göstərilir. Bu, münaqişənin uzanmasına və nəticədə Qərb liderlərinin Kiyev və Moskva arasında sülh danışıqları üçün lobbiçiliyinə səbəb ola bilər. Son həftələrdə ABŞ və müttəfiqləri münaqişənin danışıqlar yolu ilə həllinin zəruriliyini bir daha vurğulayıblar.
Müəllif bildiri ki, Qərb getdikcə “qara dəliyə” çevrilən Ukraynadan artıq yorulub: “Putin Donbasdan kənara baxsa, Ukraynanı yarıya bölən Dnepr çayının sahilinə keçmək qərarına gələ bilər. Bu, ölkənin yarısını ələ keçirmək və Qərbi dəhşətə gətirən bir addım deməkdir” – müəllif fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
