Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının, eləcə də buğda, un və çörəyin satışına tətbiq edilən Əlavə Dəyər Vergisi (ƏDV) güzəştlərinin 2029-cu ilin sonunadək uzadılması nəzərdə tutulur. Qərarın qüvvədə qalması istehlak bazarında qiymətlərə necə təsir edəcəyi ilə bağlı müzakirələri gündəmə gətirib.
Bəs vergi güzəştlərinin uzadılması un, buğda və çörəyin qiymətində ucuzlaşmaya səbəb olacaq, yoxsa əsas məqsəd mövcud qiymətlərin qorunması və bahalaşmanın qarşısının alınmasıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ƏDV güzəştlərinin əsas məqsədi sözügedən məhsulların ucuzlaşmasına nail olmaqdan daha çox, bazarda qiymət artımının qarşısını almaqdır.

Onun sözlərinə görə, bu güzəşt uzun illərdir tətbiq olunur və hökumət zəruri ərzaq məhsullarının satışına vergi yükü yaratmamaqla onların bahalaşmasını müəyyən qədər məhdudlaşdırmağa çalışır:
“Real bazar, faktiki ticarət qiymətləri, istehsal xərcləri və maya dəyərinin formalaşmasına təsir edən digər amillər hər il dəyişir. Bu səbəbdən həmin məhsulların satışına ƏDV tətbiq edilmir. Əslində, bu məhsullar əlavə dəyər yaratsa da, hökumət ərzaq buğdası, un və çörək kimi zəruri istehlak məhsullarını ƏDV-dən azad edir. Burada əsas məqsəd qiymət artımının qarşısını almaqdır”.
İqtisadçı qeyd edib ki, istehsal xərclərinin artması, dizel yanacağı və enerji qiymətlərinin yüksək olması, eləcə də xarici bazarlardan asılılıq buğda, un və çörəyin qiymətinə birbaşa təsir göstərən amillərdəndir. Əgər həmin məhsulların satışına ƏDV tətbiq olunsaydı, mövcud xərc yükü ilə yanaşı, əlavə vergi öhdəliyi də qiymətlərə təzyiq göstərərdi.
Razi Abbasbəylinin fikrincə, ƏDV güzəştlərinin uzadılması məhsulların mütləq ucuzlaşacağı anlamına gəlmir. Gələcəkdə qiymətlərin artıb-azalmasını bazardakı tələb, təklif və istehsal xərcləri müəyyən edəcək.
O, əlavə edib ki, qiymətlərin sabit saxlanılması üçün yalnız vergi güzəştlərinin tətbiqi kifayət deyil. Hökumət buğda istehsalçılarına verilən subsidiyaları artırmalı, əkin sahələrinin yanacaqla təminatı istiqamətində də əlavə güzəştlər nəzərdən keçirməlidir.
İqtisadçı vurğulayıb ki, buğda yalnız çörək və un istehsalı baxımından deyil, həm də maldarlıq və quşçuluq təsərrüfatlarının yem təminatı üçün strateji əhəmiyyət daşıyır. Buna görə də sözügedən məhsulun istehsalının dəstəklənməsi ümumilikdə ərzaq təhlükəsizliyi baxımından vacibdir.
“ƏDV-dən azadolma heç də qiymətlərin ucuzlaşacağı demək deyil. Bu güzəştlər davam etdikcə əsas hədəf qiymətlərin kəskin və təhlükəli səviyyədə bahalaşmasının qarşısını almaqdır. Güzəştlər istehsal və satış prosesində vergi yükünü azaldaraq qiymət təzyiqlərini müəyyən qədər yumşaldır”, – deyə Razi Abbasbəyli fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
