Məlum olduğu kimi, ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Məlumata görə, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Bütün bunlar 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq. Bu isə cəmiyyətdə narazılıq yaradıb.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasovun sözlərinə görə, ev təsərrüfatlarında kompüter, planşet və internetə çıxış imkanlarının uçota alınması dövlətin rəqəmsal infrastrukturunu, internet yayılma sürətini və əhalinin İT avadanlıqları ilə təminat səviyyəsini dəqiq qiymətləndirmək üçün həyata keçirilir.
O bildirib ki, bu statistika regionlararası rəqəmsal uçurumun aradan qaldırılması, gələcək telekommunikasiya yatırımlarının düzgün planlaşdırılması və elektron dövlət xidmətlərinin effektivliyinin artırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır: “Lakin cəmiyyətdə haqlı olaraq yaranan narazılıqlar əsasən şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlıdır. Qanunvericiliyə əsasən bu məlumatlar fərdiləşdirilmiş şəkildə deyil, yalnız anonimləşdirilmiş ümumi rəqəmlər kimi emal olunmalı və başqa qurumlara ötürülməməlidir. Lakin məlumat bazalarının kiberhücumlardan qorunması ilə bağlı hər hansı bir zəiflik potensial sızma riskləri yarada biləcəyi üçün qurumlar tərəfindən ən yüksək səviyyəli texniki təhlükəsizlik təminatları açıq şəkildə elan edilməlidir”.
