Moskvada KTMT zirvəsi: “Qardaşlıq” mifinin siyasi memarları yenidən bir aradabackend

Moskvada KTMT zirvəsi: “Qardaşlıq” mifinin siyasi memarları yenidən bir arada

Moskvada baş verənlərə baxarkən istər-istəməz bir sual yaranır: Müstəqil Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevin belə toplantılarda iştirak etməsinə nə ehtiyac var?

Tokayev Moskvaya səfər edir, lakin Rusiya Prezidenti Vladimir Putin onu hava limanında şəxsən qarşılamır. Halbuki söhbət suveren dövlətin başçısından, tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurmağa çalışan müstəqil ölkənin prezidentindən gedir.

Bəs çox təriflənən strateji tərəfdaşlıq haradadır? Qarşılıqlı hörmət və bərabərlik prinsipləri necə oldu? Yoxsa bütün bunlar yalnız televiziya kameraları qarşısında səsləndirilən gözəl bəyanatlardan ibarətdir?

Qazaxıstan Prezidenti Moskvaya gedərək Kremlə ehtiram nümayiş etdirməlidir? Yoxsa burada köhnə imperiya prinsipi qüvvədədir: çar müttəfiqlərini toplamağa qərar veribsə, hamı onun çağırışına dərhal cavab verməlidir?

Kənardan baxanda bu, kifayət qədər qəribə diplomatik mənzərə təsiri bağışlayır. İstər-istəməz belə bir sual ortaya çıxır: Qazaxıstan üçün bu cür dostluq nümayişinin siyasi qiyməti həddindən artıq yüksək deyilmi?

KTMT sammitinin arxasında hansı məqsədlər dayanır?

İndi isə KTMT toplantısının özünə nəzər salaq.

Yenə də siyasi baxışları və idarəçilik metodları böyük ölçüdə sovet keçmişinin təsiri altında formalaşmış dövlət rəhbərləri bir araya gəliblər. Yenə təhlükəsizlik, kollektiv məsuliyyət, strateji əməkdaşlıq və ümumi gələcəkdən danışılır.

Amma görəsən, söhbət hansı ümumi gələcəkdən gedir?

Dünyada Ukraynaya qarşı müharibə davam edir. Danışıqlar, qan tökülməsinin dayandırılması və müharibədən çıxış yolları müzakirə olunur. Məhz belə bir vaxtda KTMT üzvlərinin hansı mövqe tutacağı xüsusi əhəmiyyət daşıyır.

Onlar həqiqətən sülhdən danışacaqlar, yoxsa Moskva yenidən siyasi maraqların uzlaşdırıldığı, müttəfiqlərin Kremlə bağlılığının daha da möhkəmləndirildiyi platformaya çevriləcək?

Ən vacib sual isə budur: Qazaxıstan bu toplantıda hansı mövqedən çıxış edəcək?

Qazaxıstan Rusiyanın hərbi əlavəsi deyil. Bu ölkə başqalarının geosiyasi oyunlarında istifadə ediləcək ehtiyat resurs da deyil. Qazaxıstan vətəndaşları öz övladlarının gələcəyinin başqa siyasi liderlərin ambisiyaları naminə qurban verilməsinə heç kimə mandat verməyiblər.

Cənab Tokayev, siz Moskvaya 20 milyonluq xalqın maraqlarını təmsil etmək üçün gəlmisiniz, yoxsa növbəti siyasi toplantıda iştirak etmək üçün?

Niyə həqiqi müstəqillik nümayiş etdirərək Qazaxıstanın KTMT-də iştirakının yenidən nəzərdən keçirilməsi, hətta təşkilatdan çıxması məsələsini gündəmə gətirməyəsiniz?

Əsl dövlətçilik iradəsi və milli ləyaqət məhz belə addımlarla nümayiş etdirilərdi!

Hələlik isə Moskva toplantısının iştirakçılarının hansı siyasi qərarlara gələcəyini gözləmək qalır. Onlar sülhə aparan yolu axtaracaqlar, yoxsa yenə də başqalarının qarşıdurması üçün yeni geosiyasi xəritələr cızacaqlar?

Daha keçmişin düşüncəsi ilə yaşamaq olmaz!

Sovet İttifaqı dağılıb. İmperiyalar tarix dərsliklərində qalmalıdır. Qazaxıstan müstəqil dövlətdir, kiminsə təsir dairəsinə daxil olan ərazi deyil.

Sonda bir sadə həqiqəti xatırlatmaq istərdim:

Prezident dünyanın güclüləri ilə nə qədər əl sıxışsa da, onun əsl məsuliyyəti Kreml qarşısında deyil, Vaşinqton və ya Brüssel qarşısında da deyil.

Onun məsuliyyəti öz xalqı qarşısındadır.

Tarix bugünkü siyasi qərarları məhz bu meyarla qiymətləndirəcək.

Müəllif: Adolf Balxaş
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*