Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyən edilən daha 6 nəfər yaxın günlərdə torpağa tapşırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn ediləcək.
İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat 12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında, Babayeva Mədinə Rəhim qızı isə saat 13:30-da Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Həmin gün hərbçilərdən Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Musayev Dəyanət Salik oğlu saat 13:00-da Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Əliyev Möysüm Murad oğlu isə saat 14:00-da Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında dəfn olunacaq.
