Deyəsən, HƏDƏ ilə danışan Nəcməddinin HƏBSİNƏ az qalıb – ŞƏRHbackend

Deyəsən, HƏDƏ ilə danışan Nəcməddinin HƏBSİNƏ az qalıb - ŞƏRH

“Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!”.

KONKRET.az xəbər verir ki, bu əsəbi və ultimatumvari açıqlama Nəcməddin Sadıqova məxsusdur.

Bəs Nəcməddini “Kurtlar Vadisi”ndəki Testere Necmi kimi kriminal danışmağa nə vadar edib?

Səbəb general-mayor Elbrus Orucovun müsahibələrinin birində Nəcməddin Sadıqovu satqın adlandırmasına görə, sabiq Baş Qərargah rəisindən mövqe öyrənmək olub. Əvvəlcə Sadıqovun açıqlamasını xırdalayaq:

“Kimdir o? Kimdir Elbrus Orucov?”

I Qarabağ müharibəsində Şuşanın işğal olunmasında əsas təqsirkarlardan sayılıb. 1992-də Şuşa müdafiəsində dayanan hərbçilərin çoxu günahkar kimi onun adını çəkiblər:

“Qabağına çıxana deyirdi ki, Şuşadan çıxın, şəhəri boşaldın”.

Ardınca o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi təyin edilib. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olunub. Nə isə, bunlar başqa mövzudur. Əsas odur ki, 2017-ci il martın 28-də Prezidentin sərəncamı ilə istefaya göndərilib. Yəni Nəcməddin Baş Qərargah rəisi olmuş zabit kimi onu tanımamış deyil.

“Bəsdirin, əl çəkin məndən”.

– Niyə ki, o vaxt Kəlbəcəri Monte Melkonyanın gəlişi ilə əlaqədar boşaltdığın üçün?

– Bütün hərbi sirləri Kremlin ovucuna qoydun deyə?

– Müxtəlif hərbi əməliyyatların istiqamət və vaxtını dəyişməklə Azərbaycan ordusuna çoxsaylı itki yaşatdığına görə?

– Xüsusi Təyinatlı Qüvvələri ixtisar etmək istədiyin üçün?

– Şəhid general Polad Həşimov kimi zabitlərin koordinatları düşmənə verildi deyə?

– Tovuz hadisələrindəki digər ayağısürüşkənliklərdən ötrü?

– II Qarabağ savaşındakı “ermənəvi”, yəni “nümunəvi” fəaliyyətinə görə?

– Azərbaycan xalqı şəhidləri anıb ağlayanda Dubayda şortiklə kef çəkdiyin üçün?

– Yoxsa uzun illər ərzində orduya ayrılan vəsaiti Badamdardakı milyonlarla qiyməti olan villanda tıxışdırdığın üçün səndən əl çəkək?

“Öz işinizlə məşğul olun”.

Bizim işimiz bəllidir. Xalqı həqiqətlərdən hali edir, sakini olduğumuz dövlətin daha da güclənməsi üçün hər sferada şəffaflığın təminatı üçün bəzən irigövdəli kötüklərdən, daha doğrusu, irirütbəli sabiqlərdən müsahibə alırıq. Bizim işimizin məğzi aydındır, fakt, operativlik, mövqe, təşəbbüsə əsaslanan fəaliyyət zamanı araşdırmalar aparanda isə məzhəbi naməlumlar aşkar olunur. Məsələn, azərbaycanlılar hələ də bilmir ki, Azərbaycanın Nəcməddin Sadıqov adlı Baş Qərargah rəisi nə işlə məşğul olub.

• Sırf yeyinti etsəydi, SANDIQOV deyə tanınardı.

“Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!”

Deyəsən, verdiyi torpaqlara görə, o qədər erməni tortu yeyib ki, şəkər olub və əsəbləşməkdən qorxur. Ya da nostalji sindromundadır. Reallığı qəbul etməyib və elə bilir ki, hamı ondan qorxur, hər kəsi sıraya düzüb “jim vəziyyəti al” əmri ilə cəzalandıra bilər. Amma özünün “ənzəli vəziyyətində” olduğunu görmür.

Sonda qeyd edək ki, uzun zamandır, Nəcməddin Sadıqov gündəmə gətirilmirdi. Onun qəfil aktuallaşması qarşıdakı sorğu-sual, istintaqların müjdəçisi də ola bilər. Bu gedişlə ya Nəcməddin Sadıqovun niyə həbs olunmadığına tam aydınlıq gətiriləcək, ya da çoxdan gözlənilən məhkəmə prosesi başlayacaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*