Nikol Paşinyan yavaş-yavaş həqiqətə yaxınlaşır.
KONKRET.az xəbər verir ki, bunu Yerevan.Today saytının baş redaktoru Sevak Akopyan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, Paşinyan əsl günahkara yaxınlaşır, tədricən özünə çatır, ortalıqda xain və sui-qəsdçilikdə günahlandıracaq başqa heç kim qalmayıb.
“Yadınızdadırsa, 2 il əvvəl Nikol xalqdan gizli şəkildə bəyanat imzaladı. Guya o, müharibəni dayandırıb, insanların həyatını xilas edib.
Ölkədə məyusluq, meydanda hərc-mərclik hökm sürən o gün bunkerdən efirə çıxıb bəyan etdi ki, bu məğlubiyyətin günahkarları var və xalqın qisasını almaq anı gəlib çatıb.
Daha sonra o, döyüş meydanında uğursuzluqların yaranmasında xüsusi əməyi olan bəzi xainlərdən danışıb, bəzi hərbçilərə işarə edib. Sonra o, keçmişləri günahlandırmağa başladı ki, məğlubiyyətə səbəb məhz onların hərəkətləri və hərəkətsizliyidir.
Bu da darıxdırıcı oldu və o, ruslara ox atmağa başladı. Dedi ki, 9 noyabrdan sonra həm məğlubiyyətdə, həm də razılaşmaların yerinə yetirilməməsində rusların günahı var.
Artıq bu gün bəlli olub ki, Azərbaycan günahkar imiş və hər fürsətdə razılaşmaları pozur.
Deyəsən, Nikol yavaş-yavaş əsl günahkara yaxınlaşır, tədricən özünə çatır. Ortalıqda bütün erməniləri bu fəlakətə sürükləyən xain və sui-qəsdçi ittiham edəcək başqa heç kim qalmayıb”, – deyə Akopyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
