Bir müddət bundan əvvəl Salyanda bir satirik şairin dindarlar tərəfindən döyüldüyü barədə xəbərlər yayılmışdı.
Məlumatda bildirilirdi ki, İbrahim Xudayi adlı gənc şair ateist dünyagörüşünə və dinə qarşı yazdığı şeirlərə görə dindarların fiziki hücumuna məruz qalıb.
Artıq şairə hücum edib, zərər yetirən dindarla bağlı məhkəmə işi açılıb və ona 30 sutka həbs cəzası verilib. Şair isə bundan sonra din mövzusunda şeir səsləndirməyəcəyinə söz verib. Bu haqda şair İbrahim Xudayinin özü sosial şəbəkədə qeyd edib.
Bəs ictimaiyyət bu cür qarşıdurmalarda kimi haqlı sayır? Şəxs ateistliyini açıq və sərbəst ifadə edə bilməzmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı dini ekspert Kənan Rövşənoğlu musavat.com-a danışıb.
O qeyd edib ki, Azərbaycanda ateistlərin dindarlar tərəfindən linç edilməsi hadisəsi ilə qarşılaşmayıb: “Açığı, hadisənin təfərrüatlarını tam bilmirəm. Amma Azərbaycanda bu günə qədər kiminsə ateist olduğu üçün dindarlar tərəfindən linç edilməsinin şahidi olmamışam. Çünki bizim ölkəmiz müstəqillikdən əvvəl 70 ilə yaxın ateist dövlətin tərkibində olub. Bu səbəbdən də formal olaraq ateist insanlar bizdə olub.
Müstəqillikdən sonra, lap indiki günlərdə belə dini qəbul etməyən, inancsız – ateist insanlar var. Lakin çox şükür ki, ölkəmizdə bu cür, yəni dindar-ateist gərginliyi yoxdur. Daha əvvəllər bir neçə hadisə olub. Amma bu zaman ateistlər deyil, dini dəyərlər, Allah və dini müqəddəsləri təhqir etmə məsələsi olub.Əlbəttə, zorakılığa heç kim, o cümlədən dindar insan haqq qazandıra bilməz. Ancaq məsələ məişət səviyyəsində təhqir və ələsalmaya çevriləndə dindarların qəzəbli reaksiyaları olur. Fikrimcə, inancsız insanlar bunu nəzərə almalıdır. İnsanların müqəddəs hesab etdiyi şəxsləri və ya dəyərləri təhqir etmək olmaz. Bunu heç bir insan hüququ, ifadə azadlığı çərçivəsində şərh eləmək olmaz. Təhqir bir başqa, inancını ifadə etmək bir başqa. Məncə, istənilən normal insan başqalarının dəyərlərinə hörmət etməlidir, qəbul etməsə belə. Əgər biz müxtəlifliyin olduğu cəmiyyətdə yaşamaq istəyiriksə, başqalarının dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıyıq”.
Kənan Rövşənoğlu qeyd edib ki, dindarın bir başqasını inanmadığı üçün mühakimə etmək hüququ olmadığı kimi, dindar olmayanın da başqasının inancını təhqir etmək haqqı yoxdur:
“Düşünürəm ki, bu mövzu qanunlarla tənzimlənməlidir, dini dəyərləri təhqirə görə cəza müəyyən olunmalıdır”.
Şair Aqşin Yenisey isə zorakılıqla dini müdafiə edən dindarları sərt şəkildə tənqid edib:
“Bunlar vaxtilə İbn Rüşdin kitablarını yandırıb özünü və oğlunu daş-qalaq edən İslam düşmənləri, Qəzzalinin yetirmələridir. İslama bu adamlar qədər zərər vuran ikinci zümrə olmayıb.
İbn Rüşd ilk dəfə Aristotelin əsərlərini ərəbcəyə tərcümə etmişdi. Qəzzalinin fətfası ilə onun bütün kitabları yandırıldı. Amma o kitabları qoruyan xristianlar Avropa Renessansını başlatdılar və bütün müsəlman dünyasını kölə etdilər. Orientalizm İbn Rüşdin inkarı ilə başladı.
Allah sevigisi bunlarda insana nifrət yaratdı. Dində belə bir dəyər yoxdur. Bunlar İslamın gücünü anlamayan qəbilə insanlarıdır, onlar öz inanclarını yox edəcəklər. İslamı yumruqla qoruyanlar Vatikan partizanlarıdır”.
